"Arributinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Parlayan Ziya” layihəsi çərçivəsində cəmiyyətin mənəvi sağlamlığının qorunması, ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və sosial problemlərin qarşısının alınması mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlər xiyabanında Azərbaycan dövlətinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş elmi işçisi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru professor İslam Mustafayev, Mədəniyyət Nazirinin müşaviri, Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanov və rayon ziyalıları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında milli-mənəvi dəyərlərin qorunmasının, ailə institutunun möhkəmləndirilməsinin və sağlam cəmiyyətin formalaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Çıxışda qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev dövlətçilik fəlsəfəsində hər zaman xalqın milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, adət-ənənələrinə və ailə institutuna xüsusi önəm verib. Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının çıxışlarında milli kimliyin qorunması, Azərbaycan dilinə, tarixi irsə, milli-mənəvi dəyərlərə bağlılıq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və ailə dəyərlərinin yaşadılması məsələləri daim xüsusi yer tutur.
Qloballaşma və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə milli-mənəvi dəyərlərin qorunması daha böyük aktuallıq kəsb edir. Gənc nəslin yalnız bilikli və savadlı deyil, eyni zamanda mənəvi cəhətdən yetkin şəxsiyyətlər kimi yetişdirilməsi mühüm vəzifədir. Bu prosesdə ailənin, təhsil müəssisələrinin, ictimaiyyətin, ziyalıların, ağsaqqal və ağbirçəklərin üzərinə böyük məsuliyyət düşür.
Cəmiyyətdə sağlam mənəvi mühitin formalaşdırılması davamlı maarifləndirmə, ictimai həmrəylik və hər bir vətəndaşın şəxsi məsuliyyəti ilə mümkündür. “Parlayan Ziya” layihəsi də məhz müsbət ictimai mövqenin gücləndirilməsinə, nəsillər arasında mənəvi körpünün qorunmasına və cəmiyyətin maariflənməsinə xidmət edəcək təşəbbüsdür.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətin sağlam əsaslar üzərində formalaşdırılması, ailə münasibətlərində qarşılıqlı hörmət və məsuliyyətin gücləndirilməsi, sosial problemlərin vaxtında müəyyənləşdirilməsi və onların qarşısının alınmasında ictimai maarifləndirmənin rolu barədə ətraflı danışıb.
O, xüsusilə məişət zorakılığı, erkən nikah halları, ailədaxili münaqişələr, qadın və uşaq hüquqlarının pozulması kimi problemlərin cəmiyyətin mənəvi və sosial sağlamlığına ciddi təsir göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu hallarla mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, problemin kökündə dayanan sosial, psixoloji və maarifləndirici amillər də nəzərə alınmalıdır.
O cümlədən, problemlərin vaxtında müəyyənləşdirilərək müvafiq dəstək və müdaxilə mexanizmləri vasitəsilə həllinin vacibliyi və bu istiqamətdə dövlət qurumlarının, ictimai təşkilatların və cəmiyyətin nüfuzlu nümayəndələrinin birgə fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Daha sonra ekspertlər professor İslam Mustafayev və musiqişünas Çahangir Səlimxanov çıxış edərək layihənin əhəmiyyətini, ailə institutunun qorunması, sosial münasibətlərdə mənəvi dəyərlərin rolu, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi və cəmiyyətdə məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılması məsələlərini geniş şərh ediblər. Ekspertlər mövcud problemlərin qarşısının alınmasında maarifləndirmənin, ictimai dialoqun və hər bir ailənin fəal mövqeyinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda mövzular ətrafında auditoriya ilə geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, irəli sürülən fikir və təkliflər dinlənilib.
Layihənin məqsədlərinin daha geniş auditoriyaya çatdırılması, maarifləndirmə işlərinin davamlı və sistemli şəkildə aparılması üçün ictimai fəallardan, ziyalılardan və müxtəlif sahələrin nümayəndələrindən ibarət 15 nəfərlik təbliğat-təşviqat qrupu formalaşdırılıb. Qrupun qarşısında milli-mənəvi dəyərlərin təbliği, ailə institutunun möhkəmləndirilməsi, sosial problemlərin profilaktikası, xüsusilə gənclər və ailələrlə maarifləndirici görüşlərin keçirilməsi istiqamətində fəal iştirak etmək vəzifələri müəyyənləşdirilmişdir.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
