Akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması ilə bağlı bir sıra mühüm məsələləri gündəmə gətirib.
"Atributinfo.az" xəbər verir ki, noyabrın 16-da Milli Məclisin plenar iclasında çıxış edən akademik icbari tibbi sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə onkoloji xəstəliklərin müalicəsinin bu sistemə daxil edilməsini təklif edib.
Əhliman Əmiraslanov bildirib ki, son illərdə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərinin inkişafına, mürəkkəb və yüksək maliyyə vəsaiti tələb edən müayinə və müalicələrin vətəndaşlar üçün əlçatan olmasına mühüm imkanlar yaradıb. Xüsusilə son iki ildə səhiyyə üzrə dövlət proqramlarının icbari tibbi sığorta mexanizminə daxil edilməsi bu sahədə əhəmiyyətli irəliləyişlərdən biridir.
Komitə sədri qeyd edib ki, növbəti ildən böyük oynaqların transplantasiyası üzrə mövcud limitin tamamilə aradan qaldırılması, sümük iliyi transplantasiyası üzrə limitin isə 20-dən 50-yə çatdırılması nəzərdə tutulur. Bu addımlar mürəkkəb xəstəliklərdən əziyyət çəkən insanların müalicə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Akademik çıxışında xüsusi olaraq onkoloji xəstəliklərin müalicəsi məsələsinə toxunub. Bildirib ki, növbəti ildən icbari tibbi sığorta ilə əhatə olunmayan azsaylı səhiyyə proqramlarından biri məhz onkologiya ilə bağlı dövlət proqramıdır. Əhali arasında ölüm hallarının əsas səbəblərindən biri olan bu xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta hesabına qarşılanmasına ciddi ehtiyac var.
Əhliman Əmiraslanovun fikrincə, onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi xəstələrin üzərinə düşən maliyyə yükünü azaldar, müasir müalicə üsullarından istifadə imkanlarını genişləndirər və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şərait yaradardı.
Deputat əhalinin gündəlik tibbi ehtiyacları ilə bağlı digər mühüm məsələyə – ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatına da diqqət çəkib. O bildirib ki, bu dərmanların icbari tibbi sığorta hesabına qarşılanması vətəndaşların çoxdan gözlədiyi məsələlərdəndir. Mövzu Milli Məclisin Səhiyyə komitəsində, plenar iclaslarda, büdcə müzakirələrində və hökumətin hesabatlarının dinlənilməsi zamanı dəfələrlə qaldırılsa da, hələlik tam həllini tapmayıb.
Millət vəkili belə böyük maliyyə imkanlarına malik dövlət büdcəsi çərçivəsində bu problemin növbəti ildə müsbət həllini tapmasının vacibliyini diqqətə çatdırıb.
Çıxışında səhiyyənin yalnız yüksək texnologiyalı müalicə və əməliyyatlardan ibarət olmadığını vurğulayan Əhliman Əmiraslanov ilkin tibbi xidmətin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, xüsusilə regionlarda ilkin tibbi xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər mövcuddur. Kəndlərdə fəaliyyət göstərən tibb məntəqələrinin əksəriyyətinin yararsız vəziyyətdə olması, habelə tibb işçilərinin çatışmazlığı bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Akademik hesab edir ki, bölgələrdə çalışan tibb işçilərinin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması kadr çatışmazlığının aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, kənd tibb məntəqələrinin bərpası və müasir tələblərə uyğunlaşdırılması əhalinin ilkin tibbi xidmətlərə çıxışını yaxşılaşdıracaq.
Əhliman Əmiraslanov müasir tibb elminin nailiyyətlərinə uyğun olaraq ölkəmizdə robotik cərrahiyyə bölmələrinin yaradılması məsələsini də gündəmə gətirib. O qeyd edib ki, hazırda robotik cərrahiyyə vasitəsilə ən mürəkkəb əməliyyatlar uğurla həyata keçirilir. Bu texnologiyaların Azərbaycanda tətbiqi üçün müvafiq bölmələrin yaradılmasına ciddi ehtiyac var.
Akademikin bu təklifi ölkəmizdə səhiyyənin texnoloji imkanlarının genişləndirilməsi, müasir cərrahi metodların tətbiqi və yüksək ixtisaslı tibbi xidmətlərin inkişafı baxımından aktual məsələlərdən biridir.
Bütövlükdə Əhliman Əmiraslanovun Milli Məclisin plenar iclasındakı çıxışı səhiyyə siyasətinin bir neçə mühüm istiqamətini əhatə edib: onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi, ambulator xəstələrin dərman təminatı, transplantasiya əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsi, regionlarda ilkin tibbi xidmətin yaxşılaşdırılması və robotik cərrahiyyənin inkişafı.
Onun qaldırdığı məsələlər səhiyyə xərclərinin yalnız maliyyələşdirmə göstəriciləri ilə deyil, insanların sağlamlığına, müalicə imkanlarına və həyat keyfiyyətinə təsiri baxımından qiymətləndirilməsinin əhəmiyyətini ön plana çıxarır.
2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən bu təkliflər səhiyyə sisteminin qarşıdakı dövrdə inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində diqqətə çatdırılan mühüm məsələlər kimi dəyərləndirilə bilər.
Bəradər Seyfullaoğlu
"Atributinfo.az"
