Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin əhəmiyyətinə toxunub.
"Atributinfo.az" xəbər verir ki, komitə sədrinin diqqətə çatdırdığı əsas məsələlərdən biri ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi və milli təhlükəsizlik sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsidir.
Qeyd olunub ki, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə ümumilikdə 8 milyard 816 milyon 401 min manat vəsait ayrılması nəzərdə tutulur. 2026-cı ildə bu istiqamət üzrə təsdiq edilmiş xərclər təxminən 8 milyard 717 milyon manat təşkil edib.
Arzu Nağıyev bildirib ki, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 98,8 milyon manat, yaxud 1,1 faiz artırılması planlaşdırılır.
Komitə sədri vurğulayıb ki, müdafiə büdcəsinə yanaşarkən yalnız maliyyə göstəricilərinin artımına deyil, ayrılan vəsaitlərin hansı istiqamətlərə yönəldilməsinə və onların ölkənin müdafiə qabiliyyətinə verəcəyi töhfəyə də xüsusi diqqət yetirilməlidir.
Onun fikrincə, müdafiə və təhlükəsizlik sahəsində maliyyə resurslarından səmərəli istifadə, strateji prioritetlərin düzgün müəyyənləşdirilməsi və müasir təhlükəsizlik çağırışlarının nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri Milli Məclisdə noyabrın 16-dan başlayıb. Büdcə zərfinin müzakirəsi çərçivəsində müdafiə və milli təhlükəsizlik, sosial müdafiə, iqtisadi inkişaf və digər mühüm istiqamətlər üzrə deputatların fikir və təklifləri dinlənilib.
Bəradər Səməndərli
"Atributinfo.az"
