Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan–Vyetnam münasibətləri inkişaf edəcəkdir

    Əminə Ağazadə

    Milli Məclisin deputatı


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə, siyasi dialoqun inkişafına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və humanitar münasibətlərin möhkəmləndirilməsinə toxunub.


    Prezident İlham Əliyev iki ölkə arasında dostluq münasibətlərinin təxminən 70 illik tarixə malik olduğunu vurğulayıb. Bu əlaqələrin təməlində 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfərinin, eləcə də 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərinin mühüm rol oynadığını qeyd edib. Həmin tarixi səfərlər qarşılıqlı etimadın və əməkdaşlığın formalaşmasına böyük töhfə verib.


    Müsahibədə ikitərəfli münasibətlərin müasir inkişaf mərhələsi xüsusi diqqət çəkib. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin yeni mərhələyə yüksəldiyini göstərir.


    Dövlət başçısı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələri perspektivli istiqamətlər kimi qeyd olunub. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Orta Dəhlizdəki rolu Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması baxımından da yeni imkanlar yaradır.


    Müsahibədə humanitar və mədəni əlaqələrin əhəmiyyəti də vurğulanıb. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və xeyriyyə layihələri, həmçinin sovet dövründə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında mövcud olan tarixi dostluğun bariz nümunələridir.


    Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi də minnətdarlıqla xatırladıb. Eyni zamanda, Azərbaycanın Vyetnamda təbii fəlakətlərdən zərər çəkmiş əhaliyə göstərdiyi humanitar yardım iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və həmrəyliyə əsaslandığını nümayiş etdirir.


    Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin zəngin tarixi ənənələrə söykəndiyini və gələcək üçün geniş əməkdaşlıq imkanlarına malik olduğunu bir daha nümayiş etdirir. Siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına xidmət edir. Vyetnama rəsmi səfər də bu dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ