Sizin reklam burada
Sizin reklam burada
  • Razi Nurullayevdən kiçik sahibkarların bazara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı mühüm təklif

    Milli Məclisin deputatı Razi Nurullayev kiçik sahibkarların, ailə təsərrüfatlarının və yerli istehsalçıların məhsullarının satış imkanlarının genişləndirilməsi məqsədilə yeni dövlət proqramının hazırlanmasını təklif edib.


    "Atributinfo.az" xəbər verir ki, deputat 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında bildirib ki, Azərbaycanda minlərlə kiçik sahibkar və ailə təsərrüfatı müxtəlif çeşiddə məhsullar istehsal etsə də, onların qarşılaşdığı əsas problemlərdən biri istehsal etdikləri məhsulları bazara çıxarmaq və satışını təşkil etməkdir.

    Razi Nurullayevin sözlərinə görə, dövlət fermerlərə toxum, gübrə, subsidiya, sahibkarlara isə güzəştli kreditlər təqdim edir. Lakin məhsul hazır olduqdan sonra onun satışının təşkili, supermarket şəbəkələrinə çıxış, rəf əldə etmək, qablaşdırma, sertifikatlaşdırma, saxlama və daşınma məsələləri kiçik istehsalçıların üzərinə düşür. Bu isə bir sıra hallarda keyfiyyətli yerli məhsulların belə bazara çıxarılmasını çətinləşdirir.

    Deputat hesab edir ki, kiçik istehsalçıların bazara çıxışının təmin edilməsi ölkənin iqtisadi siyasətində ayrıca istiqamətə çevrilməlidir.

    O, bu məqsədlə bir sıra konkret təkliflər irəli sürüb. İlk növbədə, dövlət satınalmalarında kiçik yerli istehsalçıların iştirak imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər dövlət müəssisələrinin məhsul tələbatı yerli istehsalçılar üçün mühüm satış imkanları yarada bilər. Bunun üçün satınalmaların mümkün hallarda daha kiçik lotlara bölünməsi məqsədəuyğun olardı.

    Razi Nurullayev supermarket şəbəkələri ilə kiçik istehsalçılar arasında münasibətlərin də şəffaflaşdırılmasını vacib hesab edir. Onun fikrincə, rəf xərcləri, əlavə ödənişlər, mürəkkəb müqavilə şərtləri və uzun ödəniş müddətləri ilə bağlı problemlər aradan qaldırılmalı, yerli istehsalçılar üçün xüsusi satış bölmələri yaradılmalıdır.

    Deputatın digər təklifi mikro və kiçik sahibkarlara sertifikatlaşdırma, laboratoriya müayinəsi və qablaşdırma xidmətləri üzrə dövlət dəstəyinin göstərilməsidir. O, regionlarda ümumi istifadə üçün qablaşdırma və sertifikatlaşdırma mərkəzlərinin yaradılmasının kiçik istehsalçıların xərclərini əhəmiyyətli dərəcədə azalda biləcəyini qeyd edib.

    Çıxışında rəqəmsal satış imkanlarının genişləndirilməsinə də xüsusi diqqət ayıran deputat bildirib ki, kiçik istehsalçılar öz məhsullarını birbaşa mağazalara, restoranlara və istehlakçılara təqdim edə bilməlidirlər. Bunun üçün müasir elektron satış platformalarının yaradılması istiqamətində geniş iş aparılmalıdır.

    Razi Nurullayev “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı”nın yaradılmasını təklif edib

    Deputat bütün bu təşəbbüslərin 2027-ci ildən etibarən “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı” adlı vahid dövlət proqramında birləşdirilməsini təklif edib. Onun sözlərinə görə, proqram mövcud aqrologistika və soyuducu anbar imkanları ilə əlaqələndirilməli, məhsulların saxlanması, qablaşdırılması və daşınması üzrə güzəştli xidmətlər təşkil olunmalı, kiçik istehsalçıların dövlət satınalmalarına və iri ticarət şəbəkələrinə çıxışı asanlaşdırılmalıdır.

    Deputat kiçik istehsalçılığın məşğulluğun artırılması və regionların iqtisadi inkişafı baxımından böyük potensiala malik olduğunu da diqqətə çatdırıb.

    O bildirib ki, ölkədə 40-50 min kiçik istehsalçının fəaliyyət göstərdiyini və onların hər birinin orta hesabla 10 nəfəri işlə təmin etdiyini təsəvvür etsək, bu, 400-500 min potensial iş yeri deməkdir. Bu baxımdan, kiçik istehsalçıların inkişafı yalnız sahibkarlığın dəstəklənməsi deyil, həm də yüz minlərlə insanın məşğulluğu və ailə gəlirlərinin yüksəldilməsi deməkdir.

    Razi Nurullayev xahiş edib ki, 2027-ci ilin dövlət büdcəsində, mümkün olmadığı təqdirdə isə 2028-ci ilin dövlət büdcəsində sözügedən proqram üçün ayrıca maliyyə mexanizminin nəzərdə tutulması məsələsinə baxılsın. Eyni zamanda, proqramın icrasına məsul qurumların müəyyənləşdirilməsi, konkret nəticə göstəricilərinin təsdiqlənməsi və aidiyyəti dövlət orqanlarına müvafiq proqramın hazırlanaraq nəticələrinin Milli Məclisə təqdim edilməsi barədə tapşırıq verilməsi təklif olunub.

    Deputat çıxışının sonunda mühüm bir məqama diqqət çəkərək bildirib ki, iqtisadi inkişaf yalnız istehsal olunan məhsulun həcmi ilə ölçülməməlidir. Məhsulun nə qədərinin satılması, istehsalçının hansı gəliri əldə etməsi və neçə nəfərin işlə təmin olunması da iqtisadi uğurun əsas göstəricilərindən olmalıdır.

    “İstehsalçını yalnız istehsala təşviq etmək kifayət deyil, onun məhsulunu satmasına da şərait yaratmalıyıq. Dövlətin dəstəyi məhsulun istehsalından başlayaraq alıcıya çatmasına qədər davam etməlidir”, – deyə Razi Nurullayev vurğulayıb.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ