Sizin reklam burada
Sizin reklam burada
  • Astanada TÜRKPA çərçivəsində rəqəmsal səhiyyə və süni intellektin tətbiqi müzakirə olunub


    Akademik Əhliman Əmiraslanov Azərbaycanın səhiyyə sistemində rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatları və gələcək əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.


    Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv ölkələrinin parlamentlərinin səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib.

    Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilərin iştirak etdiyi tədbirdə müasir səhiyyənin aktual çağırışları, rəqəmsal texnologiyaların tibbi xidmətlərə inteqrasiyası, süni intellektin səhiyyə sistemində tətbiqi və bu sahədə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

    İclasın əsas müzakirə mövzusu “TÜRKPA üzv dövlətlərinin parlamentləri arasında rəqəmsal səhiyyənin inkişafı və səhiyyədə süni intellektin tətbiqi” olub.


    "Atributinfo.az" xəbər verir ki, tədbirdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov geniş məruzə ilə çıxış edib.

    Akademik çıxışında rəqəmsallaşma və süni intellekt texnologiyalarının səhiyyə sisteminin müasirləşdirilməsində, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsində, xəstəliklərin erkən aşkarlanmasında, eləcə də mövcud səhiyyə resurslarından daha səmərəli istifadədə mühüm rol oynadığını vurğulayıb.

    O qeyd edib ki, müasir dövrdə səhiyyənin inkişafı yalnız ənənəvi tibbi yanaşmaların təkmilləşdirilməsi ilə məhdudlaşmır. Rəqəmsal həllərin, innovativ texnologiyaların və süni intellekt imkanlarının tibbi praktikaya inteqrasiyası artıq qlobal səhiyyə siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Türk dövlətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq təşəbbüslərin təşviqi xüsusi əhəmiyyət daşıyır.

    Akademik Əhliman Əmiraslanov Azərbaycanın səhiyyə sistemində rəqəmsallaşmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq ölkəmizdə bu sahədə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.

    Bildirib ki, 2024-cü ildən istifadəyə verilən Rəqəmsal Resept sistemi həkim reseptlərinin elektron qaydada yazılmasını və aptek şəbəkələri ilə inteqrasiyasını təmin edir. 2025-ci ildən icrasına başlanılan “Tibbi rəqəmsal əkiz” – Elektron Sağlamlıq Kartı sistemi isə gələcəkdə süni intellekt texnologiyalarının səhiyyədə daha geniş tətbiqi üçün mühüm texnoloji baza yaradır.

    Bununla yanaşı, elektron xəstəlik vərəqələrinin tətbiqi kağız sənəd dövriyyəsinin azaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və səhiyyə xidmətlərinin təşkilində operativliyin artırılmasına xidmət edir. Ölkədə donorlar və resipiyentlər üzrə vahid informasiya sisteminin yaradılması, elektron epikriz sisteminin yeni versiyasının istifadəyə verilməsi də rəqəmsal səhiyyə infrastrukturunun inkişafı istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilib.

    Məruzədə süni intellektin tibbi görüntülərin təhlili, onkoloji və ürək-damar xəstəliklərinin erkən diaqnostikası, həmçinin müxtəlif xəstəliklər üzrə risk qruplarının müəyyənləşdirilməsi sahəsində geniş imkanlar açdığı xüsusi vurğulanıb.

    Bununla belə, akademik Əhliman Əmiraslanov innovasiyaların tətbiqi prosesində etik və hüquqi prinsiplərin qorunmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, süni intellekt həkimi əvəz edən deyil, onun peşəkar fəaliyyətini dəstəkləyən, qərarvermə imkanlarını gücləndirən köməkçi vasitə kimi çıxış etməlidir.

    Eyni zamanda, pasiyentlərin şəxsi tibbi məlumatlarının məxfiliyinin qorunması, kibertəhlükəsizliyin təmin edilməsi, məlumatlardan və süni intellekt sistemlərindən istifadəyə görə məsuliyyət mexanizmlərinin müəyyənləşdirilməsi müasir səhiyyə siyasətinin əsas tələblərindəndir.

    Komitə sədri bu məsələlərin qanunvericilik müstəvisində düzgün tənzimlənməsinin parlamentlərin qarşısında mühüm vəzifələr qoyduğunu qeyd edib. Onun sözlərinə görə, bir tərəfdən elmi-texnoloji innovasiyaların inkişafına əlverişli şərait yaradılmalı, digər tərəfdən isə pasiyentlərin hüquqlarını, şəxsi məlumatların təhlükəsizliyini və tibbi xidmətlərin keyfiyyətini təmin edən etibarlı hüquqi baza formalaşdırılmalıdır.

    Astana görüşü Türk dövlətlərinin səhiyyə sahəsində ortaq çağırışlara vahid yanaşmaların müəyyənləşdirilməsi, qabaqcıl təcrübələrin bölüşdürülməsi və parlamentlərarası dialoqun inkişafı baxımından əhəmiyyətli platforma kimi diqqət çəkib.

    İclas çərçivəsində iştirakçı ölkələrin nümayəndələri rəqəmsal səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

    Görüş bir daha göstərib ki, rəqəmsal səhiyyənin inkişafı yalnız texnoloji yeniliklərin tətbiqi deyil, həm də insan sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş strateji prosesdir. Bu istiqamətdə TÜRKPA üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi isə regionda müasir və dayanıqlı səhiyyə sistemlərinin formalaşmasına mühüm töhfə verə bilər.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ