Arzu Nağıyev
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri, millət vəkili
İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi iki ölkə arasında münasibətlərin mahiyyətinə yeni baxış ortaya qoyur
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafı artıq ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi çərçivəsini aşaraq, daha geniş siyasi, hüquqi və institusional məzmun kəsb etməyə başlayıb. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə bu baxımdan yalnız qarşıdakı rəsmi səfərin gündəliyini müəyyənləşdirən siyasi açıqlama deyil, həm də iki dövlət arasında strateji tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini təqdim edən mühüm diplomatik mesajdır.
Müsahibənin diqqətçəkən tərəfi ondan ibarətdir ki, dövlət başçısı Azərbaycan–Vyetnam münasibətlərinə sadəcə tarixi dostluq prizmasından yanaşmır. Burada dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüququn prinsiplərinə hörmət, qarşılıqlı maraqların uzlaşdırılması və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ön plana çıxır.
Bu yanaşma göstərir ki, Bakı ilə Hanoy arasında formalaşan yeni münasibətlər mərhələsinin əsas dayaqlarından biri siyasi etimadla yanaşı, hüquqi öhdəliklərə və beynəlxalq münasibətlərin qəbul edilmiş normalarına hörmətdir.
Strateji tərəfdaşlıq – siyasi bəyanatdan institusional əməkdaşlığa doğru
Azərbaycan–Vyetnam münasibətlərinin müasir mərhələsini xarakterizə edən ən mühüm hadisələrdən biri 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsidir.
Bu qərar diplomatik münasibətlərin sadəcə yüksək səviyyəli siyasi təmaslarla məhdudlaşmadığını, tərəflərin uzunmüddətli əməkdaşlıq modelinə keçmək niyyətini nümayiş etdirir.
Hüquqi-diplomatik baxımdan strateji tərəfdaşlıq dövlətlər arasında münasibətlərin prioritet istiqamətlərini müəyyən edən, siyasi iradəni sistemli əməkdaşlıq mexanizmlərinə çevirən mühüm çərçivədir. Belə münasibətlərin real məzmun qazanması isə qəbul edilmiş birgə sənədlərin ardıcıl icrasından, hökumətlərarası mexanizmlərin fəaliyyətindən və konkret sahələr üzrə razılaşmaların həyata keçirilməsindən asılıdır.
Prezident İlham Əliyevin müsahibəsində hökumətlərarası komissiyaların, müvafiq dövlət qurumlarının, parlamentlərarası dostluq qruplarının və siyasi partiyalar arasında əlaqələrin xüsusi vurğulanması məhz bu institusional yanaşmanın göstəricisidir.
Başqa sözlə, Azərbaycan və Vyetnam münasibətləri fərdi siyasi təmaslardan davamlı dövlətlərarası əməkdaşlıq sisteminə doğru inkişaf edir.
