Sizin reklam burada
Sizin reklam burada
  • Ağdamın dünəni, bu günü və sabahı

    Mircəlil Qasımlı 

    Milli Məclisin deputatı


    20 Noyabr – Ağdam Şəhəri Günü


    Azərbaycan tarixində elə şəhərlər var ki, onların taleyi bütöv bir xalqın mübarizəsini, ağrılarını, qürurunu və yenilməz iradəsini özündə əks etdirir. Ağdam məhz belə şəhərlərdəndir. Bir zamanlar Qarabağın ən inkişaf etmiş mədəniyyət, ticarət və sənaye mərkəzlərindən biri olan Ağdam uzun illər işğal altında qalsa da, Azərbaycan xalqının yaddaşından və qəlbindən heç vaxt silinmədi.


    1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam şəhəri və rayonun böyük hissəsi ağır dağıntılara məruz qaldı. Tarixi abidələr, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları və dini məkanlar vandalizmə məruz qaldı. Bir vaxtlar həyatın qaynadığı şəhər xarabalığa çevrildi. Ağdamın dağıdılması təkcə bir şəhərə deyil, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və milli irsinə qarşı törədilmiş ağır cinayət idi.


    Lakin işğal illərində bir həqiqət dəyişmədi: Azərbaycan xalqı heç vaxt Ağdamın itirilməsi ilə barışmadı.


    2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə regionda yeni reallıqlar yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun gücü nəticəsində Ağdam rayonu 20 noyabr 2020-ci ildə bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu hadisə dövlətimizin hərbi gücünün, siyasi iradəsinin və diplomatik üstünlüyünün mühüm təzahürü oldu.


    Bu gün Ağdam artıq xarabalıqlar şəhəri deyil, yenidən doğulan, qurulan və gələcəyə inamla addımlayan müasir Azərbaycan şəhəridir.


    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Ağdamın simasını sürətlə dəyişir. Şəhərin Baş Planına uyğun olaraq müasir yaşayış məhəllələri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, yollar, sənaye və sosial infrastruktur obyektləri yaradılır.


    Ağdam Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması, Ağdam Muğam Mərkəzinin açılması, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi, yaşayış komplekslərinin və kəndlərin bərpası bu böyük quruculuq siyasətinin real nəticələridir.


    Xüsusilə diqqətəlayiq məqamlardan biri də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. İllərlə Ağdam həsrəti ilə yaşayan insanların yenidən öz evlərinə, kəndlərinə və şəhərlərinə qovuşması yalnız sosial hadisə deyil, həm də tarixi ədalətin bərpasıdır.


    Ağdamda həyata keçirilən quruculuq işlərinin başqa bir mühüm tərəfi də onun tarixi və mədəni kimliyinin qorunmasıdır. Pənahəli xanın imarət kompleksi, Ağdam Cümə məscidi, Qarabağ xanlığının tarixi irsi və muğam ənənələri bu torpağın necə zəngin keçmişə malik olduğunu bir daha nümayiş etdirir.


    Bu gün Ağdamda yüksələn hər yeni bina, çəkilən hər yol, açılan hər müəssisə Azərbaycanın gücünün və gələcəyə inamının göstəricisidir. Bir vaxtlar dağıdılmış şəhərin yerində müasir həyatın yenidən qurulması bütün dünyaya verilən mühüm mesajdır: Azərbaycan öz torpaqlarını yalnız işğaldan azad etmir, həm də onları yenidən həyata qaytarır.


    Ağdamın dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamıdır. Bu dirçəlişin təməlində şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qüdrəti dayanır.


    20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlıları və Azərbaycan xalqını təbrik edirik.


    Ağdamın dünəni tariximizin ağrısı, bu günü qürurumuz, sabahı isə güclü Azərbaycanın parlaq gələcəyidir!




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ