Sizin reklam burada
Sizin reklam burada
  • Musa Quliyev: Əmək qanunvericiliyinə 26 normativ hüquqi akt üzrə dəyişiklik təklif olunur

    Atributinfo.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev parlamentin bugünku iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək münasibətlərində şəffaflığın artırılması məqsədilə hazırlanmış genişmiqyaslı qanunvericilik dəyişiklikləri barədə çıxış edib.

    Deputat bildirib ki, Əmək Məcəlləsinə, daha 5 məcəlləyə, 4 əsasnaməyə və 16 qanuna dəyişiklik təklif olunur. Ümumilikdə 26 normativ hüquqi aktı əhatə edən dəyişikliklərin əsas məzmunu Əmək Məcəlləsinə nəzərdə tutulan yeniliklərlə bağlıdır.

    Musa Quliyev dəyişikliklərin mahiyyət etibarilə dörd əsas istiqaməti əhatə etdiyini diqqətə çatdırıb.

    Saatlıq əməkhaqqı sistemi əmək bazarında yeni imkanlar yaradacaq

    Deputatın sözlərinə görə, birinci istiqamət saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlıdır.

    O, qeyd edib ki, Azərbaycanda əməyin ödənilməsi əsasən vaxtamuzd, işəmuzd və digər formalarda həyata keçirilir, minimum əməkhaqqı isə aylıq dövrü əhatə edir. Lakin bu yanaşma qısamüddətli işlərə cəlb olunan və natamam iş saatlarında çalışan şəxslərin əməyinin ödənilməsində müəyyən qeyri-bərabərlik yaradır.

    Musa Quliyev vurğulayıb ki, saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi xüsusilə kənd təsərrüfatı, iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri və informasiya texnologiyaları sektorunda çalışanların əməyinin daha ədalətli qiymətləndirilməsinə imkan verəcək.

    Onun fikrincə, bu mexanizm azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdırmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə də mühüm töhfə verəcək.

    Deputat bildirib ki, layihədə minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqının bir saatına düşən məbləğdən az olmaması prinsipi təsbit edilib. Saatlıq əməkhaqqının tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

    Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.


    Əməkhaqqının elektronlaşdırılması şəffaflığı artıracaq


    Musa Quliyev dəyişikliklərin ikinci istiqamətinin əməkhaqqı ödənişlərinin elektronlaşdırılması olduğunu bildirib.

    O qeyd edib ki, yeni mexanizm əməkhaqqının hesablanması, uçotu, ödənilməsi və bu proseslərə nəzarətin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

    Sadə dillə desək, işçinin nə qədər işlədiyi, neçə saat əmək sərf etdiyi, nə qədər əməkhaqqı qazandığı və ona hansı məbləğin ödənildiyi elektron sistemdə qeydə alınacaq. Əməkhaqqı və digər ödənişlər işçinin seçdiyi bank hesabına köçürüləcək.

    Deputatın sözlərinə görə, bu yenilik işəgötürənlərin əməkhaqqını tam və vaxtında ödəməsinə dövlət nəzarətini gücləndirəcək, ödənişlərin azaldılması, gizlədilməsi və gecikdirilməsi kimi halların qarşısının alınmasına şərait yaradacaq.

    Eyni zamanda, elektronlaşdırma işəgötürənlərin inzibati yükünü azaldacaq, qeyri-formal məşğulluğa qarşı mübarizəni gücləndirəcək, sosial sığorta haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsinə imkan verəcək.

    Musa Quliyev əlavə edib ki, yeni sistem vasitəsilə ezamiyyət, məzuniyyət və əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında orta aylıq əməkhaqqının avtomatik hesablanması, eləcə də vətəndaşların öz gəlir tarixçələrinə çıxış imkanlarının genişləndirilməsi mümkün olacaq.


    Uşağa qulluğa görə müavinət 100 manat olacaq


    Qanunvericilik dəyişikliklərinin üçüncü istiqamətinin ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən deputat uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlərin tənzimlənməsində nəzərdə tutulan yeniliklərə də toxunub.

    O bildirib ki, qanunvericilikdə indiyədək istifadə olunan “qismən ödənişli sosial məzuniyyət” anlayışının “uşağa qulluğa görə sosial məzuniyyət” anlayışı ilə əvəz edilməsi təklif olunur.

    Musa Quliyev vurğulayıb ki, bu, sadəcə terminoloji dəyişiklik deyil. Yeni anlayış məzuniyyətin əsas məqsədini – uşağa qayğı göstərmək hüququnu daha aydın ifadə edir.

    Təklifə əsasən, üç yaşınadək uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən azı altı aylıq sığorta stajı tələbi müəyyənləşdirilir. Həm hamiləliyə və doğuma görə, həm də uşağa qulluğa görə müavinətlərin sosial sığorta müavinəti kimi təyin edilməsi və ödənilməsi nəzərdə tutulur.

    Deputatın diqqətə çatdırdığı mühüm yeniliklərdən biri də müavinətlərin məbləğinin artırılmasıdır. Hazırda bir yaş yarımadək uşağa görə ödənilən 44 manat, bir yaş yarımdan üç yaşadək uşağa görə verilən 28 manat müavinətin 100 manata çatdırılması təklif olunur.

    Onun sözlərinə görə, yeni yanaşma valideynlərin sosial təminatını vahid prinsiplər əsasında tənzimləyəcək və hansı sahədə çalışmasından asılı olmayaraq, valideynlər üçün eyni hüquqi təminatların tətbiqinə imkan verəcək.


    Naxçıvanda sahibkarlara dövlət dəstəyi genişləndiriləcək


    Musa Quliyev qanun layihəsində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafını stimullaşdırmağa yönəlmiş xüsusi mexanizmin də nəzərdə tutulduğunu bildirib.

    Təklifə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan qeyri-dövlət sektoru sığortaedənlərinin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 2036-cı il yanvarın 1-dək dövlət büdcəsi hesabına tam subsidiyalaşdırılması nəzərdə tutulur.

    Deputat qeyd edib ki, bu güzəşt neft-qaz, maliyyə və avtomobil nəqliyyatı ilə yükdaşıma sahələrinə, həmçinin dövlət büdcəsi hesabına mal və xidmət təqdim edən podratçılara şamil edilməyəcək. Bununla belə, muxtar respublikada istehsal fəaliyyəti göstərən rezident podratçılar güzəştdən yararlana biləcəklər.

    Musa Quliyevin fikrincə, bu mexanizm yeni iş yerlərinin yaradılmasına, rəsmi məşğulluğun artırılmasına və yerli istehsalın inkişafına uzunmüddətli stimul verəcək.


    İşçilərin məzuniyyət hüququ daha etibarlı qorunacaq


    Deputatın çıxışında xüsusi diqqət yetirdiyi dördüncü istiqamət əmək məzuniyyəti hüququnun real təminatı ilə bağlı olub.

    O bildirib ki, təcrübədə işçilərin illərlə məzuniyyətə çıxmaması, istifadə edilməmiş məzuniyyət günlərinin toplanması və sonradan bu günlərlə bağlı mübahisələrin yaranması halları müşahidə edilir.

    Təklif olunan dəyişikliklə Əmək Məcəlləsinin 134-cü maddəsinin yeni redaksiyada verilməsi və məzuniyyətin başqa vaxta keçirilməsi hallarının dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur.

    Bu hallara işçinin xəstələnməsi, məzuniyyətin sosial məzuniyyətlə üst-üstə düşməsi, ezamiyyət, istehsal zərurəti zamanı yalnız işçinin razılığı, hərbi vəziyyət dövründə səfərbərlik tapşırıqları və tərəflərin qarşılıqlı razılığı daxildir.

    Musa Quliyev bildirib ki, istifadə edilməmiş məzuniyyət günlərinin növbəti ilin məzuniyyətinə birləşdirilməsi tərəflərin razılığı ilə mümkün olacaq.

    Digər mühüm yenilik istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günlərinə görə işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilməsidir.

    Deputat xüsusi vurğulayıb ki, qanunla müəyyən edilmiş 21 günlük minimum məzuniyyət müddəti pulla əvəz edilə bilməz. Bu, yalnız əmək müqaviləsinə xitam verilərkən mümkün olacaq. Beləliklə, işçinin istirahət hüququnun qorunması əsas prinsip kimi saxlanılır.

    Əmək müqaviləsi ləğv edilərkən kompensasiyanın həm əsas, həm də əlavə məzuniyyətlərə görə ödənilməsi də təklif olunur. Eyni qaydaların gömrük, vergi və daxili işlər orqanlarında xidmət edən şəxslərə də şamil edilməsi nəzərdə tutulur.


    Yeni qaydalar 2027-ci ildən mərhələli tətbiq olunacaq


    Musa Quliyev bildirib ki, qanun layihəsində dəyişikliklərin qüvvəyə minməsi üçün mərhələli keçid mexanizmi nəzərdə tutulub. Bu, həm işəgötürənlərin, həm də dövlət qurumlarının yeni qaydalara hazırlaşmasına imkan verəcək.

    Belə ki, məzuniyyət və kompensasiya qaydalarının qanun dərc edildiyi gündən, uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlərin, eləcə də Naxçıvan üzrə subsidiya mexanizminin 2027-ci il yanvarın 1-dən tətbiqi təklif edilir.

    Saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı sistemi 2027-ci il martın 1-dən, əməkhaqqının elektron sistem vasitəsilə nağdsız ödənilməsi isə həmin il aprelin 1-dən qüvvəyə minəcək.


    Çıxışının yekununda Musa Quliyev təqdim olunan dəyişikliklərin əsas məqsədinin əmək qanunvericiliyini müasir əmək bazarının reallıqlarına uyğunlaşdırmaq və işçilərin hüquqlarını daha etibarlı qorumaq olduğunu vurğulayıb.

    O bildirib ki, saatlıq əməkhaqqı qısamüddətli işlərin rəsmiləşdirilməsinə, nağdsız ödəniş əməkhaqqı münasibətlərində şəffaflığın artırılmasına, uşağa qulluğa görə müavinət ailələrin sosial sığorta sistemində təminatının gücləndirilməsinə, məzuniyyət qaydaları isə işçilərin istirahət hüququnun qorunmasına xidmət edəcək.

    Deputat qeyd edib ki, bütün bu dəyişikliklərin mərkəzində işçinin rəsmi, sığortalı və hüquqi baxımdan qorunan məşğulluğunun təmin edilməsi dayanır. Bu yanaşma Prezident İlham Əliyevin sosial siyasətinin əsas prioritetlərindən biri olan vətəndaşların rifahının yüksəldilməsi məqsədinə xidmət edir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ