Sizin reklam burada
Sizin reklam burada
  • Rizvan Nəbiyev: Azərbaycanın artan beynəlxalq nüfuzu, güclənən müdafiə potensialı və yeni geosiyasi imkanları dövlət siyasətinin uğurlu nəticəsidir

    Milli Məclisin deputatı Rizvan Nəbiyev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində artan beynəlxalq rolundan, milli təhlükəsizlik strategiyasından, xarici siyasət prioritetlərindən və strateji tərəfdaşlıq imkanlarından bəhs edib. Deputat, eyni zamanda, Abşeron rayonunda artan əhali sayının yaratdığı sosial infrastruktur problemlərinə diqqət çəkərək Xırdalan şəhərində yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini təklif edib.

    Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentdə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək Azərbaycanın qarşıdakı dövrdə üzləşdiyi regional və qlobal çağırışları, dövlətin iqtisadi və hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən siyasəti, eləcə də beynəlxalq münasibətlər sistemində qazandığı yeni mövqeləri geniş təhlil edib.

    Deputatın çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra beynəlxalq münasibətlər sistemində qazandığı yeni siyasi çəkisi olub. Onun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də regional və qlobal gündəliyin formalaşmasına təsir göstərən, artan imkanlara malik orta güc dövlətidir.

    Rizvan Nəbiyev qeyd edib ki, Avropa Siyasi Birliyinin Dublində keçirilən zirvə görüşünün gündəliyi də Azərbaycanın Avropanın gələcək inkişafı baxımından əhəmiyyətli tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Xüsusilə etibarlı bağlantıların yaradılması və əlverişli enerji təchizatının təmin olunması istiqamətlərində Azərbaycanla əməkdaşlıq Avropa üçün strateji əhəmiyyət daşıyır.

    Deputatın sözlərinə görə, Azərbaycan son illərdə təbii sərvətlərini iqtisadi, siyasi-diplomatik və hərbi potensiala çevirməyi bacarıb. Bu prosesdə dövlət büdcəsinin imkanlarından səmərəli istifadə, iqtisadiyyatın şaxələndirilməsi, sosial inkişaf və ordu quruculuğu bir-birini tamamlayan mühüm istiqamətlər kimi çıxış edib.


    İqtisadi inkişafdan hərbi-siyasi üstünlüyə aparan yol


    Rizvan Nəbiyev Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələlərini müqayisə edərək iqtisadi gücün milli təhlükəsizlik və dövlət suverenliyi baxımından əhəmiyyətini konkret göstəricilərlə diqqətə çatdırıb.

    O bildirib ki, 1994-cü ilin mayında atəşkəs elan edilən zaman Azərbaycan ərazilərinin təxminən 20 faizi işğal altında idi. Həmin dövrdə ölkənin ümumi daxili məhsulu təxminən 1,2 milyard dollar təşkil edir, hərbi xərclər isə cəmi 43 milyon dollar səviyyəsində idi.

    Deputat vurğulayıb ki, həmin mürəkkəb şəraitdə atəşkəs qərarının verilməsi və ölkənin təbii sərvətlərinin ümumi inkişaf naminə səfərbər edilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının mühüm təzahürü idi. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu yanaşma dövlətin ali maraqlarından irəli gələn strateji qərarvermə məntiqi kimi xarakterizə olunur.

    2020-ci ilə gəldikdə isə Azərbaycanın iqtisadi və hərbi imkanları tamamilə fərqli səviyyəyə yüksəlmişdi. Vətən müharibəsi başlanan zaman ölkənin ÜDM-i 42 milyard dolları ötmüş, hərbi xərcləri 2,22 milyard dollara çatmışdı. Bu göstəricilər Ermənistanın müvafiq iqtisadi və hərbi xərclərini dəfələrlə üstələyirdi.

    Rizvan Nəbiyevin fikrincə, bu müqayisə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və iqtisadi inkişafın real hərbi-siyasi üstünlüyə çevrildiyini göstərir.

    2003–2020-ci illərdə enerji gəlirlərinin ölkənin iqtisadi və sosial inkişafına, infrastrukturun yenilənməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və ordunun modernləşdirilməsinə yönəldilməsi tarixi Zəfərin mühüm iqtisadi əsaslarını formalaşdırıb.

    Deputat əlavə edib ki, 2027-ci ildə ÜDM-in 141 milyard manat səviyyəsində proqnozlaşdırılması Azərbaycanın inkişaf potensialının və həyata keçirilən iqtisadi siyasətin davamlılığının göstəricisidir.


    Milli təhlükəsizlik və müdafiə qüdrəti dövlət siyasətinin prioritetidir


    Çıxışda müdafiə və milli təhlükəsizlik məsələləri də xüsusi yer tutub.

    Rizvan Nəbiyev bildirib ki, hazırkı beynəlxalq münasibətlər sistemində həm fiziki coğrafi məkanda, həm də kiberməkanda təhlükəsizlik çağırışları getdikcə mürəkkəbləşir. Belə bir şəraitdə Azərbaycanın müdafiə potensialının davamlı şəkildə artırılması strateji zərurətdir.

    Bu baxımdan 2027-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat vəsaitin nəzərdə tutulmasını mühüm qərar kimi qiymətləndirən deputat qeyd edib ki, bu məbləğ 2023-cü illə müqayisədə 2,9 milyard manat çoxdur.

    Onun sözlərinə görə, müdafiə imkanlarının gücləndirilməsi yalnız hərbi potensialın artırılması deyil, eyni zamanda, mümkün təhdidlərin qarşısının alınmasına yönəlmiş çəkindirmə siyasətidir.

    Deputat dövlət təhlükəsizliyinin sərhədlərdən başladığını vurğulayaraq uzun illər Azərbaycanın cənub və qərb istiqamətlərindəki sərhədlərinin müəyyən hissəsinin işğal altında qalmasının yaratdığı təhlükəsizlik problemlərinə də diqqət çəkib.


    Azərbaycanın xarici siyasətində yeni fəallıq mərhələsi


    Milli Məclisin deputatı Azərbaycanın xarici siyasət strategiyasının qarşıdakı illərdə daha fəal və təşəbbüskar xarakter daşımasının vacibliyini də qeyd edib.

    Rizvan Nəbiyev Prezident İlham Əliyevin xarici siyasətin daha aktiv və fəalyönümlü olması ilə bağlı mövqeyini xatırladaraq bildirib ki, Azərbaycanın artan iqtisadi, siyasi və hərbi imkanları ölkənin beynəlxalq müstəvidə daha geniş təşəbbüslərlə çıxış etməsinə şərait yaradır.

    Deputatın qənaətinə görə, Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasəti milli maraqlara əsaslanır. Ölkəmiz müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq qurur, heç bir geosiyasi blokun təsir dairəsinə daxil olmadan öz strateji prioritetlərini müəyyənləşdirir.

    Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində manevr imkanlarını genişləndirir, regional və qlobal proseslərdə söz sahibi kimi mövqeyini möhkəmləndirir.

    Deputat yaxın illərdə Azərbaycanın çoxtərəfli diplomatiyada daha fəal iştirak edəcəyini göstərən mühüm beynəlxalq tədbirlərə də toxunub.

    Qeyd edib ki, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində sədrliyinin növbəti iki il müddətinə uzadılması ölkəmizə göstərilən etimadın təzahürüdür.

    Bundan başqa, 2027-ci ildə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik etməsi, İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünə ev sahibliyi və təşkilata sədrliyi qəbul etməsi nəzərdə tutulur. 2028-ci ildə isə Azərbaycanın MDB-yə sədrlik etməsi planlaşdırılır.

    Rizvan Nəbiyev 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin zirvə görüşünün Azərbaycanda keçirilməsini də ölkəmizin beynəlxalq nüfuzunun və dialoq platforması kimi mövqeyinin möhkəmlənməsinin mühüm göstəricisi kimi dəyərləndirib.

    Onun sözlərinə görə, bütün bu tədbirlər Azərbaycanın Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında fəal diplomatik aktora çevrildiyini nümayiş etdirir.


    Diplomatik fəaliyyətə ayrılan vəsait

     Azərbaycanın beynəlxalq mövqelərinə xidmətdir


    Deputat 2027-ci ilin dövlət büdcəsində beynəlxalq münasibətlər üzrə fəaliyyətin təmin edilməsi üçün nəzərdə tutulan maliyyə vəsaitlərinə də diqqət çəkib.

    Onun təqdim etdiyi məlumata görə, bu istiqamət üzrə 569,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 3,6 faiz çoxdur.

    Həmin vəsaitin 230 milyon manatının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılmasına, 25 milyon manatının beynəlxalq və regional təşkilatlara üzvlük haqlarına, 224 milyon manatının isə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə yönəldilməsi nəzərdə tutulur.

    Rizvan Nəbiyev hesab edir ki, bu xərclər Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, diplomatik imkanlarının artırılması və qlobal miqyasda milli maraqlarının daha effektiv müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.


    30 dövlətlə strateji tərəfdaşlıq Azərbaycanın artan nüfuzunun göstəricisidir


    Çıxışın diqqətçəkən istiqamətlərindən biri də Azərbaycanın dünya dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi olub.

    Deputat bildirib ki, hazırda 30 dövlətlə strateji tərəfdaşlıq əlaqələrinin qurulması Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

    Xüsusilə Böyük Yeddiliyə daxil olan ABŞ, Almaniya və Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini Azərbaycanın xarici siyasətində mühüm diplomatik nəticə kimi qiymətləndirib. İtaliya ilə mövcud strateji tərəfdaşlığı da nəzərə aldıqda, Azərbaycan G7 ölkələrinin dördü ilə bu səviyyədə münasibətlərə malikdir.

    Rizvan Nəbiyev qeyd edib ki, bu əməkdaşlıq müdafiə və təhlükəsizlik, müdafiə sənayesi, rəqəmsal inkişaf və digər strateji sahələrdə yeni imkanlar yaradır.

    Deputat Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının 58 təşəbbüsünün həyata keçirilməsi baxımından beynəlxalq əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulayıb.

    Müasir dövrdə rəqəmsal transformasiya və kibertəhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini bildirən deputat dünya əmək bazarında baş verən dəyişikliklərə də toxunub.

    O, Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına əsasən, 2030-cu ilədək əsas peşə bacarıqlarının 39 faizinin dəyişəcəyinin gözlənildiyini, ISC2-nin 2025-ci il tədqiqatında isə mütəxəssislərin 95 faizinin çalışdıqları təşkilatlarda kibertəhlükəsizlik üzrə bacarıq çatışmazlığının olduğunu bildirdiyini xatırladıb.

    Deputatın fikrincə, bu reallıqlar Azərbaycanda müasir texnologiyalara yiyələnmiş, yüksək ixtisaslı milli kadrların hazırlanmasını strateji prioritetə çevirir.


    Abşeronda yeni xəstəxanaya ehtiyac: Artan əhali sosial infrastruktura əlavə yük yaradır


    Rizvan Nəbiyev çıxışının sonunda təmsil etdiyi Abşeron rayonu ilə bağlı mühüm sosial məsələyə də toxunub.

    Deputat bildirib ki, rəsmi məlumatlara əsasən, Abşeron rayonunda 400 mindən çox insan yaşayır. Lakin müxtəlif səbəblərdən faktiki əhali sayının bu göstəricidən xeyli yüksək olması kommunal xidmətlər, təhsil və səhiyyə infrastrukturu qarşısında əlavə tələblər yaradır.

    Xüsusilə səhiyyə sahəsində mövcud imkanların artan əhalinin tələbatını tam qarşılamaq üçün kifayət etmədiyini vurğulayan deputat Abşeronun həm də paytaxtla ölkənin digər bölgələri arasında mühüm nəqliyyat qovşağı olduğunu xatırladıb.

    Onun sözlərinə görə, rayon ərazisində yerləşən tibb müəssisələrinə yalnız Abşeron sakinləri deyil, təcili tibbi yardıma ehtiyacı olan digər bölgələrin vətəndaşları da müraciət edirlər. Bu isə mövcud səhiyyə infrastrukturunun üzərinə əlavə yük qoyur.

    Rizvan Nəbiyev İqtisadiyyat və Səhiyyə nazirliklərinə müraciət edərək Xırdalan şəhərində və ya rayonun digər münasib ərazisində müasir tələblərə cavab verən yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini prioritet qaydada nəzərdən keçirməyi xahiş edib.

    Bu təklif Abşeron rayonunda sürətli demoqrafik artımın yaratdığı problemlərin həlli, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması və regionun sosial infrastrukturunun müasirləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


    Dövlət büdcəsi strateji hədəflərin maliyyə təminatıdır


    Rizvan Nəbiyevin çıxışının ümumi məzmunu göstərir ki, 2027-ci ilin dövlət büdcəsi yalnız növbəti maliyyə ili üçün gəlir və xərclərin müəyyənləşdirilməsi sənədi deyil, həm də Azərbaycanın yeni geosiyasi reallıqlara uyğun inkişaf strategiyasının maliyyə təminatıdır.

    İqtisadi gücün müdafiə qüdrətinə çevrilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi, xarici siyasətin fəallaşdırılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və rəqəmsal inkişafın sürətləndirilməsi bu strategiyanın əsas istiqamətləridir.

    Deputatın çıxışında diqqət çəkən digər mühüm məqam isə ümummilli strateji hədəflərlə yanaşı, vətəndaşların gündəlik həyatına birbaşa təsir edən sosial problemlərin də dövlət büdcəsi müzakirələrinin əsas mövzularından biri olmasının vacibliyidir.

    Abşeronda yeni xəstəxananın tikintisi ilə bağlı təklif də məhz bu yanaşmanın ifadəsidir: dövlətin artan iqtisadi və siyasi imkanları insanların həyat keyfiyyətinin yüksəldilməsinə, sosial xidmətlərin əlçatanlığına və regionların davamlı inkişafına xidmət etməlidir.

    Rizvan Nəbiyev çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi layihəsini ölkənin qarşısında duran strateji hədəflərin reallaşdırılması və regional-qlobal çağırışlara adekvat cavab verilməsi baxımından uğurlu sənəd kimi qiymətləndirərək qanun layihəsinin lehinə səs verəcəyini bildirib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ