Sizin reklam burada
Sizin reklam burada
  • Novruzəli Aslanov: "İsmayıllının qazlaşdırılmamış kəndlərinin problemi 2027-ci ilin büdcə və investisiya planlarında nəzərə alınmalıdır!"

    Milli Məclisin deputatı Novruzəli Aslanov parlamentin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək ölkənin sosial-iqtisadi inkişaf perspektivləri, dövlət maliyyəsinin səmərəli idarə olunması, səhiyyə və təhsil sahələrində həyata keçirilən islahatlar, eləcə də təmsil etdiyi İsmayıllı rayonunun qarşılaşdığı bir sıra sosial problemlərlə bağlı fikirlərini səsləndirib.

    Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda siyasi sabitlik, iqtisadi dayanıqlılıq və sosial inkişaf istiqamətində mühüm nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi ölkənin qarşıdakı inkişaf mərhələsinin maliyyə əsaslarını müəyyənləşdirən mühüm strateji sənəddir.


    "Atributinfo.az" xəbər verir ki, Novruzəli Aslanov diqqətə çatdırıb ki, büdcə layihəsində müdafiə və təhlükəsizlik, sosial müdafiə, təhsil, səhiyyə, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi kimi prioritetlərin ön plana çəkilməsi dövlət siyasətinin əsas istiqamətlərini əks etdirir.

    Deputat xüsusilə təhsil və səhiyyə sahələrinə ayrılan maliyyə vəsaitlərini insan kapitalının inkişafına yönəlmiş mühüm investisiya kimi qiymətləndirib. O, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı yeni struktur yanaşmasının vahid koordinasiyanın və tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda, icbari tibbi sığortanın imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.

    Çıxışında iqtisadiyyatın şaxələndirilməsi məsələsinə də toxunan millət vəkili qeyri-neft sektorunun inkişafının, sahibkarlığın dəstəklənməsinin, kənd təsərrüfatının modernləşdirilməsinin və turizm potensialının genişləndirilməsinin Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlılığı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

    Novruzəli Aslanov makroiqtisadi sabitliyin qorunması, milli valyutanın dayanıqlılığının təmin edilməsi və bank-maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində Mərkəzi Bankın fəaliyyətini də müsbət qiymətləndirib. Bununla yanaşı, dövlət maliyyəsinin idarə olunması, büdcə gəlirləri və xərclərinin balanslaşdırılması, dövlət borcunun səmərəli idarə edilməsi və büdcə intizamının möhkəmləndirilməsi sahəsində Maliyyə Nazirliyinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

    Deputat İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi, sənaye layihələrinin təşviqi, kiçik və orta biznesin dəstəklənməsi, eləcə də regionların iqtisadi potensialının reallaşdırılması istiqamətində gördüyü işlərə də toxunub.


    İsmayıllının sosial problemləri parlament tribunasından səsləndirilib


    Çıxışının xüsusi hissəsini təmsil etdiyi İsmayıllı rayonunun sosial-iqtisadi inkişafına və əhalini narahat edən problemlərə həsr edən Novruzəli Aslanov rayonun böyük kənd təsərrüfatı, turizm və təbii resurs potensialına malik olduğunu diqqətə çatdırıb.

    Deputatın fikrincə, bu potensialın tam reallaşdırılması üçün yol-kommunal infrastrukturunun yaxşılaşdırılması, kəndlərin sosial təminatının gücləndirilməsi və əhalinin məşğulluq imkanlarının artırılması vacib şərtlərdəndir.

    O, xüsusilə İsmayıllı rayonunun qazlaşdırılması məsələsini diqqətə çatdıraraq bildirib ki, rayonun dağlıq relyefi və qış aylarında sərt iqlim şəraiti təbii qaza olan tələbatı daha da artırır. Buna baxmayaraq, qaz təminatına daha çox ehtiyacı olan 10-a yaxın kənd hələ də mavi yanacaqla təmin edilməyib.

    Millət vəkili bəzi yaşayış məntəqələrinin yaxınlığından qaz xətləri keçməsinə baxmayaraq, həmin kəndlərə qaz verilişinin təmin olunmadığını bildirib. Bu baxımdan Balik və Vəng kəndlərini nümunə göstərib.

    Qeyd edib ki, nəticədə həmin kəndlərin sakinləri, xüsusilə qış aylarında istilik və məişət ehtiyaclarını alternativ vasitələrlə qarşılamaq məcburiyyətində qalırlar.

    Novruzəli Aslanov hesab edir ki, bu problem yalnız kommunal xidmət məsələsi kimi deyil, həm də kənd əhalisinin sosial rifahı, yaşayış şəraitinin yaxşılaşdırılması və regionların tarazlı inkişafı baxımından mühüm sosial zərurət kimi qiymətləndirilməlidir.

    Deputat təklif edib ki, İsmayıllının qazlaşdırılmamış kəndlərinin təbii qazla təmin olunması 2027-ci ilin investisiya və infrastruktur planlarında nəzərə alınsın.


    Büdcə layihəsinə dəstək


    Çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi layihəsinə münasibətini bildirən Novruzəli Aslanov sənədi dəstəklədiyini vurğulayıb. O, büdcənin hazırlanmasında əməyi olan bütün dövlət qurumlarına təşəkkür edib, hökumət üzvlərinə və aidiyyəti təşkilatlara qarşıdakı ildə büdcə öhdəliklərinin icrasında uğurlar arzulayıb.

    Deputatın parlament tribunasından səsləndirdiyi fikirlər bir daha göstərir ki, dövlət büdcəsinin əhəmiyyəti yalnız ümumi iqtisadi göstəricilərlə deyil, həm də onun vətəndaşların gündəlik həyatına, regionların inkişafına və sosial problemlərin həllinə verdiyi töhfələrlə ölçülür. İsmayıllının qazlaşdırılmamış kəndlərinin probleminin növbəti ilin investisiya planlarında nəzərə alınması ilə bağlı təklif də məhz bu yanaşmanın konkret ifadəsidir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ