Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib


    06 oktyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Saatlı rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

    "Atributinfo.az" məlumat verir ki, konfransda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, Şuranın rayon inzibati ərazi dairələri üzrə üzvləri və rayon ağsaqqalları iştirak ediblər.

    Konfransı giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov açıb. Rayon rəhbəri tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların cəmiyyət həyatında mühüm rolundan, onların zəngin həyat təcrübəsinin gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunmasında və ictimai həmrəyliyin möhkəmləndirilməsində əhəmiyyətindən danışıb.

    Daha sonra Saatlı rayon Ağsaqqallar Şurasının 2025-ci il ərzində gördüyü işlər barədə Şuranın İdarə Heyətinin sədri Sədafər Hüseynovun hesabat məruzəsi dinlənilib.

    Hesabat məruzəsində ötən il ərzində Şuranın fəaliyyəti, rayonun ictimai həyatında ağsaqqalların iştirakı, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ailə dəyərlərinin möhkəmləndirilməsi və digər istiqamətlərdə görülmüş işlər barədə ətraflı məlumat verilib.

    Hesabat məruzəsi ətrafında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov çıxış edib. O, ağsaqqalların cəmiyyətin ictimai həyatında mühüm rolunu qeyd edərək, onların zəngin həyat təcrübəsindən səmərəli istifadə edilməsinin, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda formalaşmasında ağsaqqalların rolunun əhəmiyyətini vurğulayıb.

    Daha sonra Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edib. O, rayon ağsaqqallarının ictimai-siyasi və sosial həyatda fəal iştirakından danışaraq, onların ailə və cəmiyyət dəyərlərinin qorunmasına, gənclərin düzgün istiqamətləndirilməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə verdikləri töhfələri qeyd edib.

    Digər çıxış edənlər- Lütvəli Şıxəliyev, Həmzə Əliyev, Nazim Rəşidov, Nuhəli Kərimov, Sürəyya Zeynalova və Mühiddin Xəlilov hesabat məruzəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da təkmilləşdirilməsi və qarşıda duran vəzifələr barədə fikirlərini bildiriblər.

    Konfransın gündəliyinə uyğun olaraq, daha sonra Saatlı rayon Ağsaqqallar Şurasının sədrinin seçilməsi məsələsinə baxılıb. Səsvermə nəticəsində Sədafər Hüseynov yenidən Saatlı rayon Ağsaqqallar Şurasının sədri seçilib.

    Ardınca Saatlı rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibinin seçilməsi məsələləri müzakirə olunub və səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.

    Konfransın sonunda cari məsələlər müzakirə olunub, iştirakçılar tərəfindən müxtəlif təklif və fikirlər səsləndirilib.


    Bəradər Səməndərli,

    Zahir Məmmədov 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ