Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib


    Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

    Boks Federasiyasından bildirilib ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı adını 1/4 finala yazdırıb.

    Həsrət Məmmədov (46 kiloqram) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq.

    Qardaş Rəhimov (54 kiloqram) Şon Kellini (İrlandiya) məğlub edib. Boksçumuz rəqibinə 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mikita Beskaravaynı (Belarus) ilə üz-üzə gələcək.

    Əli Abaslı (60 kiloqram) Zeki Uğurdan (Türkiyə) güclü olub. Hər 3 raundu öz xeyrinə bitirən milli üzvü yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbə qazanıb. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək.

    Yusif Həsənli (66 kiloqram) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

    Hidayət Məmmədov (70 kiloqram) isə Joel Şutsa (İsveçrə) qalib gəlib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq.

    Bu boksçular 1/4 döyüşlərinə oktyabrın 8-də çıxacaqlar.

    Qeyd edək ki, daha öncə Azərbaycan millisinin 6 idmançısı adını 1/4 finala yazdırıb, 3 boksçumuz isə 1/8 final döyüşünə çıxacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ