Sizin reklam burada
Sizin reklam burada
  • VIII Qurultay: milli birlik və dövlətçilik uğrunda yeni mərhələ

                      

    Vüqar İsayev, 

    YAP Göygöl rayon təşkilatının sədri


    Yeni Azərbaycan Partiyasının (YAP) oktyabrın 2-də keçirilən VIII Qurultayında aparılan müzakirələr və müəyyənləşdirilən hədəflər YAP-ın keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəldiyini göstərir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı proqram xarakteri çıxışı milli birlik və dövlətçilik strategiyasının yeni hədəflərini müəyyən etdi. Dövlət başçısının keçilən yola istinad etməklə qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirməsi YAP-ın siyasi fəaliyyətdə keçdiyi yolun adi olmadığını bəyan edir. Yeni Azərbaycan Partiyasını fərqləndirən ən mühüm məqamlardan biri odur ki, bu partiya yarandığı vaxtdan cəmi altı ay sonra ölkənin hakim partiyasına çevrilib. Bu da dünya tarixində analoqu olmayan bir haldır. Yeni Azərbaycan Partiyası öz nümunəsi ilə ölkəmizdə milli birlik və dövlətçilik uğrunda yeni səhifə açıb. YAP partiyalararası siyasi dialoqu davamlı olaraq stimullaşdırır. Respublikamızda həmrəyliyin təmin olunması, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi bir qayda olaraq Yeni Azərbaycan Partiyasının təşəbbüsləri ilə zənginləşir.

    Danılmaz faktdır ki, müstəqil Azərbaycanın qazandığı möhtəşəm uğurlar hakim siyasi qüvvə olan YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. Zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Prezident  İlham Əliyevin qurultayda “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” deməsi yalnız partiyanın say tərkibi ilə bağlı deyil. Dövlət başçısının  vurğuladığı kimi, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrdə respublikamız ərazi bütövlüyünü təmin etməklə, işğal faktına son qoymaqla uzun illər ərzində müharibə risklərindən ciddi əziyyət çəkən Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə regionda sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq və inkişaf üçün fundamental zəmin formalaşdırır. O da əlamətdar haldır ki, Yeni Azərbaycan Partiyasının VIII Qqurultayı ilk dəfə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə məqsədyönlü fəaliyyəti cəmiyyətdə partiyamıza böyük nüfuz qazandırıb. İqtidar partiyasının xalq arasında öz nüfuzunu getdikcə yüksəltməsi dünya təcrübəsində az rast gəlinən haldır. Bir sıra ölkələrin təcrübəsindən bəllidir ki, vədlərlə hakimiyyətə gələn partiyalar çox az vaxtdan sonra eniş dövrünə qədəm qoyurlar. Belə hallar iqtidarın yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsidir. Yeni Azərbaycan Partiyasının yarandığı ərəfədə Azərbaycanın düşdüyü ağır vəziyyət də buna nümunədir. AXC-“Müsavat” iqtidarının birillik hakimiyyəti Azərbaycanı tənəzzül girdabına salmışdı. Ölkə vətəndaş qarşıdurmasının astanasında idi. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin itirilməsi təhlükəsi tam real idi. Ölkəni bu fəlakətdən xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə gələn Yeni Azərbaycan Partiyasnın Lideri Heydər Əliyev qurtardı.

    Ölkə rəhbərinin qeyd etdiyi kimi, sözün əsil mənasında bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açdı.

     Hazırda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin varisliyini uğurla təmin edir ki, bunun da sayəsində müstəqil Azərbaycan zirvələrdən-zirvələrə yüksəlir. Bu gün həmin dövlətçilik kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitə uyğun şəkildə uğurla davam etdirilir. Güclü dövlət, müstəqil siyasət, iqtisadi dayanıqlılıq, qüdrətli ordu və milli maraqların qətiyyətlə qorunması bu siyasətin əsas dayaqlarıdır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası böyük tarixi məqsədlərimizin həyata keçirilməsini təmin edib və hazırda qarşımızda yeni vəzifələr dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması və azad edilmiş ərazilərin iqtisadi potensialının ölkənin ümumi inkişafına inteqrasiyası qarşıdakı mərhələnin əsas prioritetlərindəndir. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri artıq real nəticələr verir. Yeni yaşayış məntəqələri, yollar, sosial obyektlər, enerji və digər infrastruktur layihələri Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. 

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərdi ki, qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirmək, Azərbaycanın iqtisadi və siyasi gücünü daha da artırmaq və yeni inkişaf imkanlarından səmərəli istifadə etməkdir. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs bu məqsədlərin həyata keçirilməsi üçün aydın istiqamət və möhkəm siyasi iradə formalaşdırır. 

    Əminik ki, xalqımızın birliyi və dövlətimizin gücü ilə Azərbaycan qarşıdakı illərdə də yeni-yeni uğurlara imza atacaq!





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ