Sizin reklam burada
Sizin reklam burada
  • "Parlament diplomatiyası dövlətlərarası münasibətlərin mühüm tamamlayıcısıdır"- Cavanşir Paşazadə


    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstan Respublikasına  səfər edib. Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə və bu ölkənin Vitse-prezidenti Yerlan Karinin təşəbbüsü ilə onunla görüşüb.


    Görüşdə Azərbaycan-Qazaxıstan dostluq və qardaşlığının xoş günlərdə və çətin məqamlarda sınaqdan keçmiş münasibətlər olduğu xüsusi qeyd olunub.


    "Atributinfo.az" xəbər verir ki, görüş zamanı çıxış edən Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər tarix, milli-mənəvi dəyərlər, ortaq türk kimliyi və qarşılıqlı etimad üzərində qurulan möhkəm dostluq münasibətləridir:


    "Bu gün iki ölkə arasında əlaqələr yalnız diplomatik münasibətlər səviyyəsində deyil, siyasi, iqtisadi, humanitar, mədəni və parlamentlərarası əməkdaşlıq istiqamətlərində də ardıcıl şəkildə inkişaf edir.


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər dövlətlərimiz arasındakı əlaqələrin inkişafına mühüm impuls verir. Dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi görüşləri Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir. 


    Bu münasibətlərin mühüm göstəricilərindən biri də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın fəaliyyətidir. Bu mexanizm dövlətlərarası əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi, əldə olunan razılaşmaların icrasının əlaqələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. 2025-ci ildə Astanada Şuranın ikinci iclasında Prezident Tokayev münasibətləri etimad və qarşılıqlı dəstəyə əsaslanan xüsusi münasibətlər kimi səciyyələndirib.


    Azərbaycan və Qazaxıstanın dostluğu xalqlarımız arasında olan qardaşlıq münasibətlərindən güc alır. Bizim ortaq tariximiz, dil və mədəniyyət yaxınlığımız, qədim İpək yolu üzərində formalaşmış əlaqələrimiz bu münasibətlərin möhkəm mənəvi əsasını təşkil edir.


    Bu gün parlamentlərarası əlaqələr də Azərbaycan-Qazaxıstan əməkdaşlığının mühüm istiqamətlərindən biridir. Parlamentlər dövlətlər arasında əldə olunmuş razılaşmaların ictimai və qanunvericilik müstəvisində dəstəklənməsində, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayırlar".


    Cavanşir Paşazadə vurğulayıb ki, Azərbaycan Milli Məclisi ilə Qazaxıstan parlamenti arasında əlaqələrin inkişafı xüsusilə əhəmiyyətlidir:


    "Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq və parlament diplomatiyası iki ölkənin mövqelərinin daha yaxından əlaqələndirilməsinə imkan yaradır. Parlament diplomatiyası dövlətlərarası münasibətlərin mühüm tamamlayıcısıdır. Deputatlar arasında birbaşa dialoqun genişləndirilməsi xalqlarımızın qarşılıqlı maraqlarının daha yaxşı anlaşılmasına, qanunvericilik sahəsində təcrübə mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradır.


    Azərbaycan-Qazaxıstan əməkdaşlığının digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Orta Dəhlizin inkişafı hər iki ölkənin strateji imkanlarını genişləndirir. Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanı və Qazaxıstanı Şərq ilə Qərb arasında mühüm bağlantı nöqtələrinə çevirir. Bu istiqamətdə əməkdaşlıq yalnız iki ölkə üçün deyil, daha geniş region üçün də əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də Azərbaycan və Qazaxıstanın nəqliyyat-logistika sahəsində təbii tərəfdaşlar olduğunu vurğulayıb.

    Humanitar münasibətlər də Azərbaycan-Qazaxıstan dostluğunun mühüm sütunlarından biridir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Qazaxıstanın Azərbaycanla həmrəyliyinin və qardaşlıq münasibətlərinin nümunələrindən biridir. Bu cür layihələr gələcək nəsillərin bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Azərbaycan və Qazaxıstan parlamentləri gələcəkdə də qanunvericilik sahəsində təcrübə mübadiləsini genişləndirməli, gənc deputatlar arasında əlaqələri gücləndirməli, parlament komitələri və dostluq qrupları arasında müntəzəm dialoqu davam etdirməlidirlər".


    Bəradər Səməndərli 

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ