17 oktyabr Azərbaycan tarixinin qürur və Zəfər səhifələrindən biridir. 2020-ci ilin bu günündə Füzuli şəhəri 27 illik işğaldan azad edilərək xalqımızın tarixi yaddaşına Qələbə günü kimi həkk olunub.
Bununla bağlı "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib ki, Füzulinin azad olunması Vətən müharibəsinin gedişində mühüm əhəmiyyət daşıyan hadisələrdən biri olub. Düşmənin illər ərzində qurduğu və keçilməz hesab etdiyi müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun yüksək peşəkarlığını, qüdrətini və döyüş ruhunu nümayiş etdirib. Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad ediləcək.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra Füzuli yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, müasir yol və sosial infrastruktur yaradılır, Füzuli Beynəlxalq Hava Limanı, yaşayış kompleksləri, məktəblər və digər mühüm obyektlər istifadəyə verilir.
Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma Füzuliyə qayıdışı isə bu tarixi Qələbənin ən mühüm nəticələrindən biridir. Bir vaxtlar işğal nəticəsində dağıdılmış Füzulidə bu gün həyat yenidən canlanır, sakinlər öz doğma yurdlarında yeni həyata başlayırlar.
17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın qəhrəmanlığının, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının rəmzidir.
Bəradər Səməndərli
"Atributinfo.az"
