Sizin reklam burada
Sizin reklam burada
  • Gəncliyə sərmayə, milli dəyərlərə xidmət: QHT-lər üçün yeni imkanlar

    Azərbaycan dövlətinin gənclər siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərini qoruyan, müasir düşüncəli, savadlı, vətəndaş məsuliyyəti yüksək olan gənc nəslin yetişdirilməsidir. Bu baxımdan dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.


    2026-cı il sentyabrın 25-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində QHT-lər üçün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib. Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, QHT Agentliyinin Ekspertiza və tərəfdaşlarla iş şöbəsinin müdiri Fuad Rzazadə və digər məsul şəxslər iştirak ediblər.


    İnfosessiyada müsabiqənin məqsədləri, layihə təkliflərinin hazırlanması, müraciət qaydaları və digər məsələlərlə bağlı QHT nümayəndələrinin sualları cavablandırılıb, ətraflı izahlar verilib. Tədbirdə 50-yə yaxın QHT-nin iştirakı dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığına olan marağın göstəricisi kimi diqqət çəkib.


    Mən də “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi və sədri kimi infosessiyada yaxından iştirak etdim. Təşkilatımızın fəaliyyət istiqamətləri və qarşıya qoyduğu məqsədlər baxımından bizim üçün xüsusi əhəmiyyət daşıyan bir sıra məsələləri diqqətə çatdıraraq düşündürən suallara cavab almaq imkanımız oldu.


    İnanıram ki, belə infosessiyalar QHT-lərin layihə hazırlamaq imkanlarının təkmilləşdirilməsi ilə yanaşı, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanın və səmərəli əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Çünki uğurlu layihənin əsasında yalnız maliyyə dəstəyi deyil, düzgün müəyyənləşdirilmiş məqsəd, peşəkar yanaşma, ictimai tələbat və real nəticə dayanır.


    İnşallah, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi də fəaliyyət istiqamətimizə uyğun olaraq bu müsabiqədə gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və yeni nəslin ictimai fəallığının artırılmasına xidmət edən aktual layihə ilə iştirak edəcək.


    Əsas məqsədimiz yalnız layihə həyata keçirmək deyil, həmin layihənin cəmiyyət üçün davamlı və ölçülə bilən fayda yaratmasına nail olmaqdır. Biz inanırıq ki, milli dəyərlərinə bağlı, tarixini və mədəni irsini dərindən bilən, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verə bilən gənclik Azərbaycanın gələcəyinin ən böyük təminatıdır.


    Ümid edirəm ki, bu qrant müsabiqəsi QHT-lərin yeni və faydalı təşəbbüslərinin reallaşmasına, dövlətimizin gənclər siyasətinə və vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcək. Biz də öz növbəmizdə milli-mənəvi dəyərlərimizin yaşadılması, gənc nəslin maarifləndirilməsi və cəmiyyətimiz üçün faydalı təşəbbüslərin həyata keçirilməsi istiqamətində üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacağıq.


    Cəmilə ÇİÇƏK

    Tədqiqatçı-jurnalist, 

    Zekainfo.az saytının baş redaktoru




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ