Estoniya Azərbaycan İcması “Birlik” təşkilatının və ölkəmizin Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Estoniyada yaşayan çoxsaylı həmvətənlərimizlə yanaşı, Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndələri də iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İcmanın həmsədri Zakir Miriyev çıxışında Azərbaycan xalqının Estoniyada yaşayan nümayəndələri olaraq, keçmişimizin ağrılı tarixini və şəhidlərimizin xatirəsini gələcək nəsillərə ötürməyi mənəvi borc hesab etdiklərini deyib: “Acı və kədərli tariximizə baxmayaraq, biz Estoniyada yaşayan azərbaycanlılar, keçmiş tariximizi və yaşananları tanıtmağa çalışır, gələcəyə sülh ümidi ilə baxırıq. Eyni zamanda, müxtəlif xalqlar arasında dostluğun və qarşılıqlı hörmətin möhkəmlənməsi üçün əlimizdən gələni edirik”.
Daha sonra tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Azərbaycan və dünya bəstəkarlarının klassik musiqi əsərləri səsləndirilib.
