Sizin reklam burada
Sizin reklam burada
  • 27 Sentyabr – Anım Günü ilə bağlı Saatlıda ümumrayon tədbiri keçirilib


    27 Sentyabr – Anım Günü ilə əlaqədar Saatlı rayonunda Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.


    "Atributinfo.az" məlumat verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov,YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və müharibə iştirakçıları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, ağsaqqallar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hər zaman dərin ehtiramla yad edilir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərin xalqımızın milli qürur mənbəyi olduğunu vurğulayan Elmir Bağırov şəhidlərin qəhrəmanlığının və fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu qeyd edib. Həmçinin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının davam etdirildiyini bildirib.

    Şəhid anası Leyla Məhərrəmova çıxışında Vətən uğrunda canından keçən övladların qəhrəmanlığından söz açaraq, şəhidlərin həyat və döyüş yolunun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını qeyd edib.

    Şəhidin həyat yoldaşı Zeynəb Rəşidova çıxışında şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının, onların keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirib.

    44 günlük Vətən müharibəsi iştirakçısı Şirin Qasımov isə çıxışında Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və şücaətindən danışıb. Döyüş yoldaşlarının xatirəsinin hər zaman ehtiramla yad ediləcəyini qeyd edərək, tarixi zəfərin xalqımızın birliyi və ordumuzun qəhrəmanlığı sayəsində əldə edildiyini vurğulayıb.

    Çıxışlarda şəhidlərin qəhrəmanlığının və Vətən qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağı, onların müqəddəs xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı bildirilib.

    Tədbirin bədii hissəsində Vüqar Əzimov adına Qıraqlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən Anım Gününə həsr olunmuş kompozisiya təqdim edilib.

    Daha sonra tədbir iştirakçıları Şəhidlər Abidə-Xatirə Kompleksini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib və ruhlarına dualar oxunub.

    Həmçinin saat 12:00-da ölkənin bütün ərazisində olduğu kimi, Saatlı rayonunda da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub.


    Bəradər,

    Zahir

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ