"Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən II Gənc Kardioloqlar Forumunda iştirak etdim.
Forumun açılışında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini kimi gənc həkimlərimizlə fikirlərimi bölüşdüm. Tibbin gələcəyinin yalnız yeni texnologiyalar və müasir müalicə üsulları ilə deyil, eyni zamanda düşünən, sual verən, öyrənməyə açıq və məsuliyyətli yeni həkim nəslinin yetişməsi ilə formalaşdığını vurğuladım."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov deyib. O, əlavə edib ki, Forumun “Mənim ən böyük klinik səhvim və öyrəndiyim dərs” mövzusunda keçirilən sessiyasında isə “Ümidsiz hesab edilən xəstə: mürəkkəb ürək qüsurunda mübarizə və gənclərə mesaj” mövzusunda elmi-klinik təqdimatla çıxış etdim. Uzun illərin cərrahi təcrübəsindən seçilmiş mürəkkəb bir klinik hadisə üzərindən yalnız uğuru deyil, qərarvermə prosesini, çətinlikləri və həmin təcrübənin bizə öyrətdiyi dərsləri gənc həmkarlarımızla paylaşmağa çalışdım:
"Həkimlikdə inkişaf yalnız daha çox əməliyyat etmək, daha çox xəstə müalicə etmək deyil. Əsl inkişaf hər bir klinik təcrübədən dərs çıxarmaq, səhvləri gizlətmədən təhlil etmək və qazandığımız biliyi növbəti nəslə ötürməkdir.
Gənc kardioloqlarımızın elmi müzakirələrdə fəallığını və peşəyə olan marağını görmək sevindiricidir. İnanıram ki, belə platformalar Azərbaycan kardiologiyasının və ürək-damar cərrahiyyəsinin gələcəyinə qoyulan ən dəyərli sərmayələrdəndir.
Forumun təşkilində sonsuz əməyi olan, Prof. Dr. Gülnaz Dadaşova başda olmaqla hər kəsə təşəkkür edir, gənc həmkarlarımıza peşə yollarında uğurlar arzulayıram." - Rəşad Mahmudov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
