Sizin reklam burada
Sizin reklam burada
  • Sabunçu Tibb Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

    27 Sentyabr – Anım Günü və Vətən müharibəsinin başlanmasının 6-cı ildönümü münasibətilə Sabunçu Tibb Mərkəzində anım tədbiri keçirilib.


    "Atributinfo.az" xəbər verir ki, tədbirdə Sabunçu Tibb Mərkəzinin rəhbərliyi və həkim heyəti ilə yanaşı, Vətən müharibəsi iştirakçıları, qazilər və xüsusi qonaqlar iştirak ediblər.


    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


    Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylik və milli birlikdən söz açıb. Müharibə illərinin canlı şahidi kimi həmin günlərin yaratdığı məsuliyyət və həmrəyliyin hər kəs üçün unudulmaz olduğunu vurğulayıb.


    Tədbirdə Vətən müharibəsində iştirak edən qazilərə və xüsusi qonaqlara söz verilib. Çıxışlarda 44 günlük müharibədə Azərbaycan xalqının və Ordusunun nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqdan, Vətən uğrunda canından keçən şəhidlərin əbədiyaşar xatirəsindən bəhs olunub.


    Anım tədbirində Vətən müharibəsi zamanı tibb işçilərinin üzərinə düşən məsuliyyət və onların göstərdiyi fədakarlıq da xüsusi vurğulanıb. Müharibə dövründə yaralı hərbçilərin həyatının xilas olunması, tibbi xidmətin fasiləsiz təşkili və həkimlərin peşə borcuna sədaqətlə xidmət göstərməsi Azərbaycan səhiyyəsinin Vətən qarşısındakı mühüm xidmətlərindən biri kimi qeyd edilib.


    Tədbirin sonunda şəhidlərimizin müqəddəs ruhuna ehtiramın ifadəsi olaraq və onların əziz xatirəsini yaşatmaq məqsədilə Sabunçu Tibb Mərkəzinin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib.


    Aksiyada Sabunçu Tibb Mərkəzinin rəhbərliyi, direktor müavinləri, tədbirin qonaqları və qazilər iştirak ediblər.


    Əkilən hər bir ağac şəhidlərimizin əziz xatirəsinə ehtiramın, Vətənə bağlılığın və gələcək nəsillərə ötürülən əbədi yaddaşın rəmzi olaraq Sabunçu Tibb Mərkəzinin həyətində yaşayacaq.


    Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların qarşısında baş əyirik.


    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Bəradər,

    Zahir

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ