Sentyabrın 24-də Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq rayonda böyük nüfuz və hörmətə malik olan ağsaqqalların xidmətlərindən söz açıb. Onların Xətai rayonunun ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli roldan, ağsaqqalların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından bəhs edib.
Sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov təşkilatın hesabat dövrü ərzində həyata keçirdiyi fəaliyyət haqqında çıxış edib. Vurğulayıb ki, ağsaqqallar hesabat dövrü ərzində ölkəmizin, o cümlədən də rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, Vətənimizin sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyətimizdə müxtəlif məsələlərin həllinə öz töhfələrini veriblər. Rayonun ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində, liseylərdə gənclərlə silsilə görüşlər keçiriblər, maarifləndirici işlər aparıblar.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri - şəhid ataları Meyvəddin Ramaldanov, Bəylər Pənahov, Natiq Abbasov və Tərlan Musayeva təşkilatın aktiv fəaliyyətindən bəhs ediblər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, növbəti dəfə Xətai rayonunda ağsaqqallarla, xüsusilə şəhid valideynləri ilə görüşdüyü üçün çox məmnundur. Sonra natiq Xətai rayonunda gedən quruculuq işlərindən, inkişaf prosesindən ətraflı söz açıb. Türkiyə-Azərbaycan Universitetinin Xətai rayonu ərazisində yerləşməsini xüsusi vurğulayıb. Öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının tarixi barədə məlumat verən Əhliman Əmiraslanov bildirib ki, təşkilatın əsas fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz xalqımızın təkidli dəvəti ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin hər bir sahəsində, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasında böyük canlanma yarandı. Dahi liderin ağsaqqallara olan hörməti və etimadı sonsuz idi. Natiq, həmçinin, vurğulayıb ki, Ümummilli Liderimizin qayğısı sayəsində daha aktiv və hərtərəfli fəaliyyət göstərən Azərbaycan Ağsaqqallar Şurası hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpasından, orada həyata keçirilən böyük tikinti-quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışından ətraflı bəhs edən Əhliman Əmiraslanov cəmiyyətimizdəki bəzi problemlərə də toxunub.
Boşanma hallarının ciddi şəkildə artmasından, hələ də rast gəlinən erkən nikahlardan, həmçinin yaxın qohumluğu olan şəxslər arasındakı evliliklər nəticəsində xəstə uşaqların dünyaya gəlməsindən və narkomaniyaya aludəçiliyin genişlənməsindən söz açan natiq vurğulayıb ki, cəmiyyətimizdə mövcud olan bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışının sonunda Xətai Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirib və bir həkim kimi ağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
