AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli şair, jurnalist və yazıçı Cavad Cavadlının 100 illik yubileyi münasibətilə qızı Jalə Cəfərovanın müəllifi olduğu “Nə yaxşı ki, Atam sənsən...” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yazıçı-publisist Cavad Cavadlının 100 illik yubileyinə həsr olunmuş nəşrin təkcə bir övladın atasına olan ehtiramı deyil, bütövlükdə Azərbaycan ziyalılığının, xalqın ədəbi-bədii irsinə olan dərin hörmətinin təzahürü olduğunu diqqətə çatdırıb. Jalə Cəfərovanın müəllifi və tərtibatçısı olduğu kitabın əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli bu əsərin Cavad Cavadlı şəxsiyyətini, onun həqiqətpərəst mövqeyini və səmimiyyətini gerçəkliyi ilə əks etdirdiyini vurğulayıb.
O, kitabda yazıçı-publisist və şair Cavad Cavadlının keşməkeşli həyat yolu, zəngin yaradıcılığı və çoxşaxəli ictimai fəaliyyətinin müxtəlif baxış bucaqlarından işıqlandırıldığını söyləyib. AMEA rəhbəri, həmçinin nəşrdə şairin publisistik irsindən seçmələrin, müasirlərinin, qələm dostlarının xatirələrinin, görkəmli alimlərin elmi təhlillərinin, doğmalarının ürək sözlərinin, eləcə də ədibin ömür yolunu əks etdirən fotosalnamənin yer aldığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli nəşri şairin zəngin mənəvi irsini, vətəndaş mövqeyini, ədəbi şəxsiyyətini və insan kimi böyüklüyünü gələcək nəsillərə çatdırmaq baxımından qiymətli mənbə kimi dəyərləndirib.
AMEA rəhbəri xatırladıb ki, Jalə Cəfərovanın əvvəllər işıq üzü görmüş, böyük rəssam İbrahim Səfərov haqqındakı fundamental kitabı da daxil olmaqla mühüm xidmətləri hər zaman diqqət mərkəzində olub. O, bugünkü kitab təqdimatının öz xüsusi səmimiyyəti, təbiiliyi və yüksək səviyyəsi ilə seçildiyini qeyd edib. Vurğulayıb ki, tədbirdə qardaş Türkiyə Cümhuriyyətindən qonaqların iştirakı iki ölkə arasındakı mədəni və dostluq körpülərinin daha da möhkəmlənməsinə xidmət edir.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Akif İmanlı çıxış edərək görkəmli şair, jurnalist və yazıçı Cavad Cavadlının həyat və yaradıcılığı, eləcə də onun haqqında toplanmış xatirələr barədə dəyərli fikirlərini bölüşüb.
Professor Akif İmanlı bildirib ki, təqdim edilən kitabda Azərbaycanın əksər görkəmli ziyalılarının Cavad Cavadlı haqqındakı düşüncələri bir araya gətirilib. O, kitabda yer alan akademik İsa Həbibbəylinin yazıçı-publisist Cavad Cavadlı haqqında məqaləsinə diqqət çəkərək, bu tədqiqatın şairin ədəbi irsinin müasir elmi baxış bucağından dərindən təhlili və qiymətləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, məqalədə şairin həyatı aydın şəkildə şərh olunub, yaradıcılığı tam genişliyi ilə təhlil edilib.
Akif İmanlı, həmçinin Cavad Cavadlı ilə tanışlıq illərindən, şairlə keçirilən unudulmaz görüşlərdən bəhs edib.
Sonra görkəmli ədib Cavad Cavadlının zəngin ömür yolu, yaradıcılığı və mənəvi irsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə, həmçinin Türkiyədən olan qonaqlar – şair-publisist Cahit Günay və natiq, yazıçı, səsləndirmə sənətçisi Arzu Yılmaz Dağdemir çıxış edərək Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə ediblər, iki ölkə arasındakı mədəni əlaqələrin inkişafından söz açıblar. Qonaqlar Cavad Cavadlı irsinin ümumi Türk dünyası üçün böyük mənəvi dəyər kəsb etdiyini vurğulayıb, şairin yaradıcılığından şeirlər səsləndiriblər.
Tərcüməçi, muzeyşünas, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Cavad Cavadlının dərin zəkalı və incə ruhlu bir şəxsiyyət olduğunu vurğulayıb. O, kitabı mütaliə etdikdən sonra Cavad Cavadlını şəxsiyyətini və yaradıcılığını tamamilə yeni bir baxışla, daha dərindən tanıdığını bildirib. Məhəbbət Mehdiyeva ictimaiyyətə təqdim edilən bu nəşrin sadəcə bir kitab deyil, müəllifin atasına olan sonsuz övlad sevgisinin və ehtiramının parlaq nümunəsi olduğunu qeyd edib.
Daha sonra kitabın müəllifi Jalə Cəfərova çıxış edərək atası Cavad Cavadlı haqqında xatirələrini bölüşüb, onun insanpərvər xarakterindən, yaradıcılıq yolundan bəhs edib. O, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.
Sonda “Nə yaxşı ki, Atam sənsən...” kitabının imzalanma mərasimi keçirilib.
