20 Sentyabr Dövlət Suverenliyi Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsi Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Doctorbio” Qax Eco Parkında pnevmatik tüfəngdən hədəfə atəş açmaq idman növü üzrə rayon turniri keçirilib.
"Atributinfo.az" xəbər verir ki, turnirdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarını təmsil edən 30 nəfərədək əməkdaş iştirak edib.
Tədbirin açılış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov və Qax Rayon İcra Hakimiyyəti Aparatının Ərazi- təşkilat məsələləri sektorunun müdiri Elşən Rəcəbov çıxış ediblər.
Çıxışlarda Dövlət Suverenlik Gününün tarixi və ictimai-siyasi əhəmiyyətindən bəhs olunub, Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının xalqımızın həyatında mühüm tarixi hadisə olduğu vurğulanıb. Bildirilib ki, belə tədbirlərin keçirilməsi dövlətçilik dəyərlərinin, vətənpərvərlik hisslərinin və sağlam həyat tərzinin təbliğinə, eləcə də gənclər arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.
Daha sonra yarışa start verilib. İştirakçılar pnevmatik tüfəngdən hədəfə atəş açmaq üzrə öz bacarıqlarını nümayiş etdirərək yüksək nəticə uğrunda mübarizə aparıblar. Yarış iştirakçıları arasında sağlam rəqabət və qarşılıqlı hörmət şəraitində keçib.
Turnirin sonunda qaliblər və fərqlənən iştirakçılar diplom və medallarla təltif olunublar. Mükafatlandırma mərasimində iştirakçılara uğurlar arzulanıb və bu cür idman tədbirlərinin davamlı olaraq keçirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin turnirin təşkilati baxımdan uğurlu və yaddaqalan keçməsinə yaratdığı şəraitə görə “Doctorbio” Qax Eco Parkının rəhbərliyinə təşəkkür bildirilib.
Bəradər,
Zahir
"Atributinfo.az"
