Sizin reklam burada
Sizin reklam burada
  • Göygöldə 20 sentyabr-Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

    Göygöl rayonunda "Suveren hüquqlarla strateji hədəflərə doğru" mövzusunda tədbir keçirilib.

        YAP Göygöl rayon təşkilatı, Göygöl rayon İcra Hakimiyyəti və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, ziyalılar və fəal gənclər iştirak etmişdir.

          İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

    Tədbir zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Şəhriyar kənd orta məktəbinin direktoru Anar Rzayev, müharibə iştirakçısı Pərvin Rəhimli, müharibə əlili Emin Orucov, və digərləri çıxış ediblər. 

          Çıxışlarda Dövlət Suverenliyi Gününün təsis edilməsinin Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğu və Suveren Azərbaycan Respublikasının hər bir vətəndaşının qürur dolu günlər yaşadığı qeyd olunaraq bildirilib ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olundu və Müstəqil Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü təmin edildi. 

          Belə ki, Ermənistanın işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 

         Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi və İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi tarixə yazıldı.

           Nəhayət 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

          Bütün çıxış və nitqlərdə suverenliyimizin bərpa olunmasında əməyi olan şəxslər hörmət və ehtiramla xatırlanmaraq, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Ulu Öndərin rolu  xüsusi olaraq vurğulanıb, xalqımızın “Tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə” çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunub.  

        Tədbirin sonunda suverenlik tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.

     


     

     


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ