Sizin reklam burada
Sizin reklam burada
  • "Tibbdə böyümək sadəcə daha çox etmək deyil, hər gün daha doğru qərar verməyi bacarmaqdır"- Rəşad Mahmudov

    "Bu gün təşkilat komitəsində yer aldığım “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak etdim."

    Bunu "atributinfo.az" a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor Rəşad Mahmudov deyib. O, qeyd edib ki, konfrans Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı və Elmi-Təcrübi və Tədris Mərkəzinin, eləcə də Florence Nightingale Xəstəxanalar Qrupu və Azərbaycan-Britaniya Həkim və Stomatoloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirildi:


    "Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəhbəri olaraq konfransın açılış sessiyasında “Tibbdə böyümək nə deməkdir: daha çox etmək, yoxsa daha doğru etmək?” mövzusunda konseptual çıxış etdim.


    Çıxışımda müasir tibbdə inkişaf anlayışının yalnız daha çox müayinə, daha çox prosedur və daha çox texnologiya ilə ölçülməməli olduğunu vurğuladım. Əsl inkişafın doğru xəstəyə, doğru zamanda, doğru müdaxiləni etmək, klinik qərarları elmi sübutlara və protokollara əsaslandırmaq, eyni zamanda lazım olmadığı zaman müdaxilədən çəkinməyi bacarmaq olduğunu qeyd etdim. Həmçinin süni intellekt və yeni texnologiyaların sürətlə tibbin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə həkimin peşəkar məsuliyyəti və dəyişən rolu ilə bağlı fikirlərimi bölüşdüm."


    Rəşad Mahmudov bildirib ki, konfransın elmi proqramı çərçivəsində isə “Anadangəlmə və qazanılmış ürək qüsurlarının erkən diaqnostikasında pediatrın rolu” mövzusunda məruzə etdim. Yeni doğulmuş və uşaqlarda ürək qüsurlarının mümkün qədər erkən aşkarlanması, pediatrın diqqət etməli olduğu xəbərdaredici əlamətlər, pulse-oksimetriya skrininqinin əhəmiyyəti və düzgün qurulmuş ilkin diaqnostik yanaşmanın uşağın sonrakı müalicə nəticələrinə təsiri əsas müzakirə mövzularından oldu:


    "Ana və uşaq sağlamlığı multidissiplinar yanaşmanın ən vacib olduğu sahələrdəndir. Mama-ginekoloqdan neonatoloqa, pediatrdan uşaq kardioloquna və ürək cərrahına qədər uzanan vahid və düzgün qurulmuş tibbi zəncir bir çox xəstəliyin vaxtında aşkarlanmasına və uşaqlarımız üçün daha sağlam gələcəyin təmin edilməsinə imkan verir.


    Konfransda Azərbaycanla yanaşı Türkiyə, İngiltərə və digər ölkələrdən gələn mütəxəssislərin iştirakı, fərqli ixtisasların eyni elmi platformada bir araya gəlməsi fikir və təcrübə mübadiləsi baxımından xüsusilə əhəmiyyətli idi.


    Əməyi keçən bütün həmkarlarımıza, təşkilatçılara və iştirakçılara təşəkkür edirəm.


    Çünki tibbdə böyümək sadəcə daha çox etmək deyil, hər gün daha doğru qərar verməyi bacarmaqdır."- Professor deyib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ