Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 sentyabr- Dövlət Suverenliyi Günü” ilə əlaqədar rayon tədbiri keçirilmişdir.
""Atributinfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının inzibati binasında rayon rəhbərliyinin, YAP rayon təşkilatının və hüquq-mühafizə orqanlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələri və qazilərin, ziyalıların, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, “20 sentyabr-Dövlət Suverenliyi Günü” Azərbaycan xalqının müasir tarixinə qızıl hərflərlə yazılmış ən şanlı günlərdən biridir. 2023-cü il 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatı cəmi 23 saat ərzində başa çatdı. Bu əməliyyat nəticəsində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələr tərksilah edildi, Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Beləliklə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə yekun möhür vuruldu və otuz illik işğala birdəfəlik son qoyuldu.
Vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu tarixi nailiyyət dövlət başçısının siyasi iradəsinin, xalqın birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsidir. 20 Sentyabr xalqımızın uzun illər davam edən mübarizəsinin, şəhidlərimizin qanı və qəhrəman hərbçilərimizin fədakarlığının nəticəsi olan tarixi nailiyyətin rəmzidir.
Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi davamı, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin nəticəsidir. 90-cı illərin əvvələrində yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması və ölkənin gələcək inkişafının təmin olunması mühüm yer tuturdu. Müstəqil dövlətin əsaslarının möhkəmləndirilməsi istiqamətində görülən işlər sonrakı mərhələlər üçün də mühüm siyasi və institusional baza formalaşdırdı.
Azərbaycanın sonrakı inkişaf mərhələsində iqtisadi gücün artırılması, ordu quruculuğunun davam etdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi dövlətin imkanlarını daha da artırdı. Bu proseslər ərazi bütövlüyünün və suverenliyin bərpası üçün də mühüm amillərdən biri oldu.
Ulu Öndərin layiqli davamçısı, Cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörən rəhbərliyi və Ali Baş Komandan kimi sarsılmaz iradəsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfər xalqımızın milli qürurunu yüksəklərə qaldırdı, beynəlxalq nüfuzumuzu daha da möhkəmləndirdi və regionda yeni reallıqlar yaratdı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində əzəmətlə dalğalanır. İşğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq-bərpa işləri aparılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır.
Bu tarix eyni zamanda Azərbaycanın gələcəyə inamla baxdığını göstərən mühüm siyasi və mənəvi rəmzdir. Suveren, müstəqil və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bundan sonra da inkişaf, sülh, quruculuq və tərəqqi istiqamətində öz yolunu davam etdirəcək.
Sonra tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Fətəli Yahyayev “20 sentyabr-Dövlət Suverenliyi Günüdür” mövzusunda geniş məruzə ilə çıxış edib.
YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Dilarə Əzizova, Vətən Müharibəsi veteranı, ehtiyyatda olan Baş leytenant Ruslan Əzizov, Şəki-Zaqatala Regional Məşğulluq Filialının Qax rayonu üzrə xidmət şöbəsinin müdiri Abdulla Abdullayev də çıxış edərək bildiriblər ki, 2023-cü il sentyabrın 19-da Qarabağda erməni separatçılarının təxribatlarına cavab olaraq həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah olunub, qondarma qurum özünü buraxdığını elan edib. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olunub. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələdir.
Bəradər,
Zahir
"Atributinfo.az"
