Sizin reklam burada
Sizin reklam burada
  • Asiyalı qanqsterləri Bakıya cəlb edən səbəb

    Təhlükəsizlik üzrə ekspert deyir ki, Azərbaycan paytaxtını əvvəllər “rahat nəfəs almaq” üçün uyğun məkan hesab edənlər artıq bu fikirdən daşınmaqdadır

    “Batuwatte Chamara” ləqəbli transmilli kriminal fiqurlarından biri hesab edilən mafiya lideri və narkobaron Manoj Suranqa Azərbaycanda saxlanıldıqdan sonra Şri-Lankaya təhvil verilib. “Qafqazinfo” “Newswire.lk”a istinadən xəbər verir ki, DTX-nin əməliyyatla təsbit edib ələ keçirdiyi və ölkədən çıxarılan mafiya başçısını mayın 7-si Şri-Lanka hüquq-mühafizə orqanının Bakıya gələn xüsusi qrupu ekstradisiya prosesini reallaşdıraraq ölkəsinə aparıb.

    48 yaşlı kriminal avtoritet mayın 10-u axşam saatlarında Hindistanın Yeni Dehli şəhəri vasitəsilə Şri-Lankaya çatdırılıb. İllərlə hüquq-mühafizə orqanlarından gizlənməyi bacaran cinayətkar əməllərini planlı şəkildə ört-basdır edib. Əvvəlcə Dubayda yaşasa da, təxminən bir il əvvəl Azərbaycana gəlib. Daha sonra Azərbaycanda aşkar edilərək saxlanılıb. Şri-Lanka Dövlət Kəşfiyyat Xidmətinin (SIS) mətbuata açıqlamasına görə, xüsusilə təhlükəli kriminalın tapılaraq saxlanılması əməliyyatı SIS ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti arasında birgə əməliyyat əməkdaşlığı çərçivəsində həyata keçirilib. Şri-Lanka polisinə görə, mafiya başçısı silahlı hücumlar, sifarişli qətllər və mütəşəkkil cinayət fəaliyyətlərində ittiham olunur. Onun iri narkotik dövriyyəsi şəbəkəsinin təşkilatçısı olduğu bildirilir. İstintaqa görə, o, kristal metamfetaminin Şri-Lankaya daşınması və orada ticarət məqsədilə yayılması şəbəkəsinə rəhbərlik edib. Şübhəlinin Hindistandakı kriminal qruplaşmalarla münasibətlərinin olduğu da iddia olunur. Polis mənbələri onun təxminən 25 illik cinayət keçmişinə malik olduğunu açıqlayıb. Məlumata görə, o, cinayət aləminə daxil olmazdan əvvəl model kimi işləməyə səy göstərib. İlk dəfə qanunsuz silah qaçaqmalçılığı ittihamı ilə həbs edildikdən sonra orada yeraltı aləmə qoşulub və inkişaf edib.

    Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan beynəlxalq axtarışda olan bir sıra xarici kriminal avtoritetlərin saxlanıldığı ölkələrdən birinə çevrilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində Hindistan və Pakistan əsilli müxtəlif cinayətkar qruplaşmaların üzvləri də məhz Bakıda tutulub. Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi əməliyyatlar ölkənin transmilli cinayətkarlığa qarşı mübarizədə etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Bəs Bakı niyə transmilli cinayətkarların “təhlükəsiz limanı” kimi görünür? Hindistan, Pakistan və Cənubi Asiya mənşəli transmilli cinayətkarlar niyə məhz Bakını seçirlər?

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan həm geostrateji mövqeyinə, həm də Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinə görə cinayətkar şəbəkələrin diqqət mərkəzindədir. Son illər beynəlxalq axtarışda olan kriminal avtoritetlərin, narkotik şəbəkələrinin rəhbərlərinin və sifarişli qətllərdə adı keçən şəxslərin Bakıya üz tutmaları kriminaldan çox, geosiyasi və iqtisadi reallıqlarla əlaqəlidir: “Bir vaxtlar Dubay, Kuala Lumpur, Banqkok və İstanbul beynəlxalq kriminal şəbəkələrin tranzit və gizlənmə məkanları sayılırdı. İndi həmin siyahıda Bakı da görünməyə başlayıb. Amma məsələ Azərbaycanın "kriminal mərkəzə çevrilməsi" deyil. Əksinə, son həbslər göstərir ki, Bakı bu şəxslərin sonda yaxalandığı şəhərə çevrilir. Çünki Azərbaycan uzun illər regionda daha çox enerji və logistika təhlükəsizliyi üzərindən tanınsa da, son dövrdə təhlükəsizlik strukturlarının beynəlxalq əməkdaşlıq imkanları ciddi şəkildə genişlənib. Xüsusilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti transmilli cinayətkarlıqla mübarizədə artıq regional deyil, beynəlxalq koordinasiya sisteminin iştirakçısı kimi çıxış edir".

    Arzu Nağıyev deyib ki, Bakını əvvəlcə “rahat nəfəs almaq” üçün uyğun məkan hesab edənlər artıq bu fikirdən daşınmaqdadır: “Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Buradan həm Türkiyəyə, həm Rusiyaya, həm Körfəz ölkələrinə, həm də Mərkəzi Asiyaya çıxış imkanları mövcuddur. Kriminal şəbəkələr üçün belə məkanlar həmişə cəlbedici olub. Çünki qaçaqmalçılıq, çirkli pul dövriyyəsi, sənəd dəyişmə və tranzit hərəkətləri üçün logistika mühüm rol oynayır.  İkincisi, Bakı uzun müddət beynəlxalq kriminal şəbəkələrin diqqətindən bir qədər kənarda görünən şəhər idi. Məhz buna görə bəzi cinayətkarlar düşünürdü ki, Avropa paytaxtlarında və ya Dubayda üzərlərində olan ciddi nəzarət Azərbaycanda daha zəif olacaq. Bu isə onların ən böyük yanlış hesablamasına çevrildi. Əslində kriminalların psixologiyası çox oxşardır. Onlar elə ölkə axtarırlar ki, viza ilə giriş nisbətən rahat olsun. Maliyyə və daşınmaz əmlak bazarında hərəkət etmək mümkün olsun. Xarici vətəndaş axını çox olduğundan "ərimək" asanlaşsın. Bakı son illərdə məhz belə şəhərə çevrilmişdi. Sürətlə böyüyən meqapolis, minlərlə əcnəbi, geniş tikinti sektoru, nağd pul dövriyyəsinin müəyyən hissədə yüksək olması və regional tranzit imkanları kriminal dairələrin diqqətini çəkirdi. Amma onların hesablaya bilmədiyi başqa bir məqam var. Azərbaycan artıq 1990-cı illərin postsovet xaosu içində olan ölkə deyil. Bu gün Azərbaycan təhlükəsizlik sistemi təkcə daxili nəzarətlə işləmir. Xüsusilə narkotik qaçaqmalçılığı, transmilli mafioz şəbəkələr və sifarişli qətllərlə bağlı məlumat mübadiləsi beynəlxalq səviyyədə aparılır. Manoj Suranqanın tutulması da göstərdi ki, Bakı artıq gizlənmək üçün deyil, izlərin toplandığı məkanlardan birinə çevrilib".

    Arzu Nağıyev diqqəti başqa mühüm detala çəkir: “Cənubi Asiya kriminal şəbəkələri son illərdə ciddi transformasiya keçirir. Hindistan, Pakistan və Şri-Lankadan çıxan qruplaşmalar artıq klassik küçə mafiyası kimi yox, transmilli biznes modeli ilə işləyirlər. Narkotik daşımaları, kriptovalyuta əməliyyatları, "hawala" sistemi üzərindən pul köçürmələri, saxta sənəd şəbəkələri və miqrasiya marşrutları bir-birinə bağlanıb. Belə strukturlar üçün Bakı həm tranzit, həm görüş, həm də müvəqqəti məskunlaşma zonası kimi görünə bilərdi. Lakin son hadisələr göstərir ki, Azərbaycan bu oyuna meydan olmaq istəmir. Əksinə, rəsmi Bakı beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş imicini gücləndirməyə çalışır. Çünki bu gün transmilli cinayətkarlıq artıq təkcə hüquq problemi deyil. Bu, dövlətlərin reputasiyası, maliyyə sistemi və milli təhlükəsizliyi ilə bağlı məsələdir".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ