Sizin reklam burada
Sizin reklam burada
  • İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

    İsveçdə cinayətkar qrupların sosial təminat sektoruna nüfuz edərək dövlət vəsaitlərini qanunsuz əldə etməsi ilə bağlı yeni hesabat dərc olunub.

    Polis və bir sıra dövlət qurumlarının birgə hazırladığı sənəddə bildirilir ki, şəbəkələr özəl uşaq bağçaları, tibb müəssisələri və sosial xidmətlərdən istifadə edərək dövlət subsidiyalarını mənimsəyirlər.

    Hesabata görə, geniş yayılmış sxemlərdən biri uşaq bağçalarında və ailə qruplarında rəsmi qeydiyyatda olan, lakin faktiki olaraq xaricdə və ya evdə valideynləri ilə yaşayan “qeyri-real uşaqların” (“kabus uşaqların”) göstərilməsidir. Buna baxmayaraq, həmin müəssisələr hər uşaq üçün ayda təxminən 14 min kron (təxminən 1500 ABŞ dolları) həcmində bələdiyyə ödənişləri almaqda davam edirlər.

    “Bu, açıq-aşkar cinayət gəliridir”, – deyə İsveç Sosial Sığorta Agentliyi bildirib.

    Hesabat müəllifləri, həmçinin məktəblər, gənclər mərkəzləri və ev tapşırığı dəstəyi proqramlarında da saxtakarlıq hallarının aşkarlandığını qeyd edirlər. Eyni zamanda, mövcud olmayan pasiyentlər üçün saxta tibbi xidmət fakturaları təqdim edən klinikalar və bəzi hallarda qeyri-qanuni dərman dövriyyəsində iştirak edən tibb işçiləri və apteklərlə bağlı iddialar da sənədləşdirilib.

    Bundan başqa, cinayətkar qruplarla əlaqəli şəxslərin bəzi sosial reinteqrasiya və keçmiş məhkumların dəstəklənməsi proqramlarında da fəaliyyət göstərdiyi bildirilir.

    Rəsmi qiymətləndirmələrə görə, İsveçin sosial təminat sistemindən hər il təxminən 15–20 milyard kron (1,6–2,1 milyard ABŞ dolları) məbləğində vəsaitin qanunsuz şəkildə çıxarıldığı ehtimal edilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ