Sizin reklam burada
Sizin reklam burada
  • Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti


    Mahir Süleymanlı

    Milli Məclisin deputatı


    Hər bir dövlətin gələcəyi yetişən nəslin hansı dəyərlər əsasında formalaşmasından, onun təhsil səviyyəsindən və cəmiyyət qarşısında məsuliyyətindən asılıdır. Bu baxımdan uşaqların savadlı, vətənpərvər, müstəqil düşüncəli və milli kimliyinə bağlı vətəndaşlar kimi yetişdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Milli-mənəvi irsin qorunması, dini dəyərlərə hörmət və dünyəvi dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi bu məqsədin bir-biri ilə əlaqəli istiqamətləridir.

    Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi tanınıb. Bu ənənələr müasir dövrdə də qorunur, tolerantlıq və multikulturalizm cəmiyyətimizin səciyyəvi xüsusiyyətləri kimi çıxış edir. Dövlət tərəfindən məscidlərin bərpasına, yeni ibadət ocaqlarının inşasına, tarixi-dini abidələrin qorunmasına göstərilən diqqət milli-mənəvi irsimizə münasibətin real ifadəsidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası xalqımızın tarixi yaddaşının yaşadılması baxımından xüsusi məna daşıyır.

    Azərbaycanın dünyəvi dövlət modeli də məhz bu dəyərlərə hörmət, hüquq bərabərliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır. Dünyəvilik dini inancların inkarı deyil, dövlət idarəçiliyinin və ictimai münasibətlərin hüquqi normalar əsasında tənzimlənməsidir. Hər bir vətəndaşın dini etiqad azadlığının qorunması ilə təhsil müəssisələrində müəyyən edilmiş ümumi qaydalara riayət olunması bir-birinə zidd anlayışlar deyil. Əsas məsələ hüquq və azadlıqların qanunvericiliyə uyğun təmin edilməsi, ictimai maraqlarla fərdi hüquqlar arasında tarazlığın qorunmasıdır.

    Müasir informasiya mühiti ideoloji təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. Sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə yayılan dezinformasiyalar, dini amildən siyasi məqsədlərlə istifadə cəhdləri, gənclərin dünyagörüşünə təsir göstərməyə yönələn təbliğat üsulları cəmiyyətin diqqətli olmasını tələb edir. Ayrı-ayrı məsələlərin mahiyyətindən uzaq təqdim edilməsi, hüquqi qərarların yanlış şərh olunması və süni qarşıdurma yaradılması cəhdləri qarşısında ən təsirli vasitə obyektiv məlumatlandırma, maarifləndirmə və hüquqi düşüncənin inkişafıdır. Bu istiqamətdə təhsil müəssisələrinin üzərinə xüsusi məsuliyyət düşür. Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin və vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir. Şagirdlər burada başqalarının hüquqlarına hörmət etməyi, birgə fəaliyyət göstərməyi, məsuliyyət daşımağı və cəmiyyətin qaydalarına riayət etməyi öyrənirlər. Buna görə də məktəbdaxili intizamın qorunması və bütün şagirdlər üçün bərabər şəraitin yaradılması təhsil prosesinin vacib şərtlərindəndir.

    Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi bu məqsədlərə xidmət edən vasitələrdən biridir. Məktəbli forması şagirdlər arasında kollektivə aidlik hissini gücləndirir və diqqətin tədris prosesinə yönəlməsinə kömək edir. Müəllimlər üçün işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi isə məktəbdə peşəkar mühitin, pedaqoji nüfuzun və qarşılıqlı hörmətin qorunmasına yönəlib.

    2026-cı ildə bu sahədə qəbul edilmiş normativ qərarlar vahid yanaşmanın hüquqi əsaslarını müəyyənləşdirib. Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla təhsilalanların geyim formalarına dair tələblərə dəyişiklik edilib, oktyabrın 6-da qəbul olunmuş qərarla isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Bu normaların mahiyyəti məktəblərdə təşkilati qaydaların qorunması, təhsil mühitində vahid yanaşmanın təmin edilməsi və dünyəvi təhsil prinsipinə riayət olunması ilə bağlıdır.

    Beləliklə, Azərbaycanın milli-mənəvi dəyərlərə bağlılığı, dini müxtəlifliyə hörməti və dünyəvi dövlətçilik prinsiplərinə sadiqliyi vahid inkişaf modelinin əsasını təşkil edir. Bu modeldə təhsilin vəzifəsi yalnız bilik vermək deyil, həm də azad düşünən, hüquqlarını və məsuliyyətlərini dərk edən, milli həmrəyliyə töhfə verən vətəndaşlar yetişdirməkdir. Milli dəyərlərin qorunması, qanunun aliliyinə hörmət və cəmiyyətdə qarşılıqlı etimadın möhkəmləndirilməsi Azərbaycanın ideoloji təhlükəsizliyini gücləndirən başlıca amillərdəndir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ