Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
Astara Pedaqoji Kollecində keçirilən tədbirə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə danışıb. O, qurultayda səsləndirilən fikirlərin partiyanın yerli təşkilatları və ərazi partiya təşkilatları tərəfindən dərindən öyrənilməsinin, qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra qurultay nümayəndələri, APK üzrə ərazi partiya təşkilatının sədri Prof. Kamran Kazımov, Kollecin müəllimi Nisa Əskərova, “Məktəbəqədər təhsil” ixtisasının III kurs tələbəsi Gülarə İbrahimova çıxış ediblər.
Çıxışlarda cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin mahiyyəti, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması məsələlərinə toxunulub. Bildirilib ki, müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət düşür.
Tədbir zamanı tələbələr də müzakirələrə qoşularaq mövzu ilə bağlı fikirlərini səsləndirib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tələbələrin müzakirələrdə iştirakı gənclərin ictimai-siyasi proseslərə marağının artırılması, dövlətçilik dəyərlərinin və vətənpərvərlik ruhunun təşviqi baxımından əhəmiyyətli olub.
Tədbir mövzu ətrafında fikir mübadiləsi və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.
Atributinfo.az
