Sizin reklam burada
Sizin reklam burada
  • İNZİBATİ CƏRİMƏNİN YENİ MODELİ: GƏLİRƏ UYĞUN, SOSİAL ƏDALƏTLİ VƏ DAVRANIŞYÖNÜMLÜ YANAŞMA

    Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov),

    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri 

     

    1-Cİ HİSSƏ

     

    Hüquq sistemlərində cərimə ilkin mərhələdə pozulmuş normativ tarazlığın bərpasına yönəlmiş, əsasən zərərin ödənilməsi, pozulmuş sosial nizamın bərpası və hüquq pozuntusuna reaksiyanın təmin edilməsi ilə bağlı müxtəlif funksiyalar daşımışdır. Antik və erkən orta əsr hüquq ənənələrində cərimə müasir mənada dövlətin cəza siyasətinin müstəqil aləti kimi deyil, əsasən zərərçəkmiş şəxsin və ya icmanın maddi maraqlarının təmin edilməsinə xidmət etmişdir. Bu mərhələdə cərimə sosial nizamın pozulmasına maddi və simvolik reaksiya formalarından biri olmuşdur.

    Mərkəzləşmiş dövlət institutlarının formalaşması ilə cərimə tədricən dövlətin sanksiya sisteminin tərkib hissəsinə çevrilmiş və fiskal funksiya da qazanmışdır. Xüsusilə erkən modern dövrdən etibarən cərimə normanın pozulmasına görə dövlət tərəfindən tətbiq edilən standartlaşdırılmış maliyyə sanksiyası kimi formalaşmış, onun məbləği əsasən hüquq pozuntusunun hüquqi təsnifatı ilə əlaqələndirilmişdir. Bu yanaşma hüquqi müəyyənlik və tətbiq sadəliyi baxımından mühüm üstünlüklərə malik olsa da, eyni məbləğdə cərimənin müxtəlif gəlir səviyyələrinə malik şəxslər üçün eyni iqtisadi yük və çəkindirici təsir yaratmaması kimi bir məhdudiyyət ortaya çıxarmışdır.

    XX əsrdə, xüsusilə onun ikinci yarısından etibarən, cəriməyə yalnız maliyyə sanksiyası kimi deyil, həm də davranışa təsir göstərən preventiv hüquqi vasitə kimi yanaşma güclənmişdir. Bu yanaşma cəzanın proporsionallığı, fərdiləşdirilməsi və onun konkret şəxs üçün real çəkindirici təsirinin nəzərə alınması ideyaları ilə inkişaf etmişdir.

    Belə yanaşmanın əsas məntiqi ondan ibarətdir ki, cərimənin nominal məbləği ilə onun konkret şəxs üzərində yaratdığı faktiki iqtisadi yük eyni anlayış deyil. Eyni məbləğdə maliyyə sanksiyası fərqli gəlir səviyyələrinə malik şəxslər üçün müxtəlif çəkindirici təsir yarada bilər. Buna görə cərimənin preventiv funksiyasının daha effektiv həyata keçirilməsi üçün onun məbləğinin müəyyən edilməsində şəxsin iqtisadi imkanlarının da nəzərə alınması ideyası meydana çıxmışdır.

    Bu nəzəri və praktik yanaşmaların nəticəsi olaraq gəlirə proporsional cərimə mexanizmləri, o cümlədən “gün vahidi” (alm. Tagessatz) modeli formalaşmışdır. Bu modeldə cərimənin məbləği yalnız əvvəlcədən müəyyən edilmiş sabit pul məbləği ilə deyil, iki fərqli elementin birləşməsi əsasında müəyyən edilir: törədilmiş hüquq pozuntusunun ağırlığını ifadə edən gün vahidlərinin sayı və şəxsin maliyyə imkanlarını əks etdirən bir gün vahidinin pul dəyəri.

    Beləliklə, sistemdə hüquq pozuntusunun ağırlığı ilə şəxsin iqtisadi vəziyyəti bir-birindən ayrılır. İlk mərhələdə hüquq pozuntusunun xarakterinə və ağırlıq dərəcəsinə uyğun olaraq gün vahidlərinin sayı müəyyən edilir. İkinci mərhələdə isə şəxsin rəsmi gəlir göstəriciləri əsasında bir gün vahidinin pul ifadəsi hesablanır. Bu iki göstəricinin hasilindən yekun cərimə məbləği formalaşır.

    Bu yanaşma mühüm bir prinsipə əsaslanır: eyni hüquq pozuntusuna görə cərimənin hüquqi ağırlığı dəyişmir, dəyişən yalnız həmin cərimənin konkret şəxs üçün pul ifadəsidir. Beləliklə, gəlir amili hüquq pozuntusunun ictimai təhlükəlilik dərəcəsini deyil, sanksiyanın fərdi iqtisadi yükünü müəyyən edən amil kimi çıxış edir.

    Qanunu tətbiq edən subyekt baxımından da mexanizm iki ardıcıl mərhələyə ayrılır: əvvəlcə müvafiq hüquq pozuntusuna görə neçə gün vahidinin nəzərdə tutulduğu müəyyən edilir, daha sonra şəxsin rəsmi gündəlik gəliri əsasında bir gün vahidinin pul ifadəsi hesablanır. Bu yanaşma cərimənin məbləğinin müəyyən edilməsində subyektiv mülahizə imkanlarını məhdudlaşdırır və hesablamanın əvvəlcədən müəyyən edilmiş obyektiv meyarlar əsasında aparılmasına imkan yaradır.

     


    PARADE jurnalının 2001-ci il 25 fevral tarixli

    “What People Earn” adlı xüsusi buraxılışının üz qabığı.

    Şəkil elmi-statistik sübut deyil, yalnız gəlir fərqlərinin

    cərimələrin iqtisadi yükünə təsirini vizual şəkildə

    nümayiş etdirən illüstrativ materialdır.


    Azərbaycan hüquq sistemində inzibati cərimə institutu əsasən sabit məbləğli yanaşmaya əsaslanmışdır. Bu model hüquqi müəyyənlik, tətbiq sadəliyi və normanın formal bərabərliyi baxımından mühüm üstünlüklərə malikdir. Bununla yanaşı, sabit məbləğli cərimə modelinin iqtisadi təsirinin şəxslərin gəlir səviyyəsindən asılı olaraq fərqlənməsi məsələsi ayrıca nəzərdən keçirilməlidir.

    Yol hərəkəti sahəsində tətbiq edilən inzibati cərimələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnsan həyatına və sağlamlığına təhlükə yarada bilən davranışların qarşısının alınmasında cərimənin yalnız nominal məbləği deyil, onun pozuntunu törədən şəxs üçün faktiki çəkindirici təsiri də əhəmiyyət kəsb edir. Eyni məbləğdə cərimənin müxtəlif iqtisadi imkanlara malik şəxslər üçün yaratdığı yükün fərqli olması isə bu məsələyə gəlir amili baxımından yanaşmanı zəruri edir.

    Bu şəraitdə məsələ mövcud sabit məbləğli inzibati cərimə sisteminin tamamilə dəyişdirilməsindən ibarət deyil. Söhbət yalnız yüksək ictimai risk daşıyan məhdud hallarda həmin sistemin preventiv imkanlarını artırmağa yönəlmiş əlavə və ehtiyatlı mexanizmin tətbiqinin mümkünlüyünün araşdırılmasından gedir.

    Bu baxımdan təklif olunan gəlirə proporsional cərimə mexanizmi mövcud inzibati cərimə sistemini əvəz edən alternativ model kimi deyil, onun müəyyən hallarda tətbiq oluna biləcək əlavə hüquqi mexanizmi kimi nəzərdə tutulur.

    Cərimə mexanizminin səmərəliliyinin qiymətləndirilməsi də yalnız tətbiq edilmiş cərimələrin sayı və ya onların ümumi maliyyə həcmi ilə məhdudlaşdırılmamalıdır. Əsas məsələ cərimənin hüquq pozuntularının, xüsusilə təkrar pozuntuların qarşısının alınmasına və davranışın dəyişdirilməsinə nə dərəcədə təsir göstərməsidir.

    Bu baxımdan təkrar pozuntuların dinamikası mühüm göstəricilərdən biri hesab edilə bilər. Eyni şəxsin müəyyən müddət ərzində eyni və ya oxşar xarakterli pozuntuları təkrar törətməsi tətbiq edilmiş sanksiyanın həmin şəxs üçün kifayət qədər çəkindirici təsir yaradıb-yaratmadığının qiymətləndirilməsini zəruri edir. Bu isə cərimə mexanizminin yalnız pozuntu faktına birdəfəlik reaksiya verən vasitə deyil, həm də gələcək davranışın tənzimlənməsinə xidmət edən preventiv alət kimi nəzərdən keçirilməsini tələb edir.

    Beləliklə, cərimə sisteminin fiskal funksiyası ilə onun hüquqi və preventiv funksiyası bir-birindən fərqləndirilməlidir. Cərimələrin ümumi məbləğinin artması öz-özlüyündə onların preventiv təsirinin artdığını göstərmir. Preventiv səmərəliliyin qiymətləndirilməsində təkrar pozuntuların dinamikası, yol təhlükəsizliyi göstəriciləri və digər müvafiq indikatorlar nəzərə alınmalıdır. Büdcəyə vəsait daxil olması cərimənin tətbiqinin hüquqi nəticələrindən biri olsa da, bu nəticə təkbaşına cərimə siyasətinin səmərəliliyini müəyyən etmir.

    Bu baxımdan, cərimə mexanizminin təkmilləşdirilməsi zamanı yalnız onun maliyyə nəticələri deyil, hüquqi məsuliyyətin fərdiləşdirilməsi, cərimənin real iqtisadi təsiri və preventiv məqsədə xidmət etmək qabiliyyəti də nəzərə alınmalıdır. Bu yanaşma cəriməni sadəcə baş vermiş pozuntuya görə tətbiq edilən maliyyə tənbehi deyil, hüquqi müəyyənlik və preventiv məqsədləri uzlaşdıran inzibati-hüquqi vasitə kimi nəzərdən keçirməyə imkan verir.

    Məhz bu yanaşmadan çıxış edərək, gəlirə proporsional cərimə mexanizminin məqsədi cərimə daxilolmalarını artırmaq deyil. Məqsəd eyni hüquq pozuntusuna görə tətbiq edilən sanksiyanın müxtəlif gəlir imkanlarına malik şəxslər üçün mümkün qədər müqayisəolunan çəkindirici təsir yaratmasına nail olmaqdır.

    Bu prinsip nəzərə alınmaqla, aşağıda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin mövcud strukturunu dəyişdirmədən, yalnız müəyyən yüksək ictimai risk daşıyan inzibati xətalara münasibətdə tətbiq edilə biləcək gəlirə proporsional cərimə mexanizmi təklif olunur.

    Təklif olunan mexanizmin əsasını iki bir-birindən fərqli göstəricinin - inzibati xətanın ağırlığını ifadə edən gün vahidlərinin sayı ilə şəxsin rəsmi gəlir göstəricilərinə əsasən müəyyən edilən bir gün vahidinin pul dəyərinin - ayrılıqda müəyyən edilməsi təşkil edir.

    Müxtəlif peşə və sosial statusa malik şəxslərin gəlirləri arasındakı fərqlər eyni məbləğdə maliyyə sanksiyasının bütün şəxslər üçün eyni iqtisadi yük yaratmadığını göstərir. Bu fərq cərimənin hüquqi məbləği dəyişmədən onun konkret şəxs üçün faktiki çəkindirici təsirinin fərqlənməsinə səbəb ola bilər. Gəlirə proporsional cərimə mexanizmi məhz bu fərqi nəzərə almağa yönəlmişdir.

    Bu model Almaniya Federativ Respublikasının cinayət hüququnda, eləcə də Finlandiya, İsveç və Danimarka kimi Avropa ölkələrinin hüquqi sistemlərində müxtəlif formalarda tətbiq olunur. Bu ölkələrdə mexanizmlərin hüquqi quruluşu və gün vahidlərinin sayı fərqli olsa da, ümumi yanaşma cərimənin iki müstəqil element əsasında formalaşdırılmasıdır: bir tərəfdən hüquq pozuntusunun ağırlığını ifadə edən gün vahidlərinin sayı, digər tərəfdən isə şəxsin maliyyə imkanlarını əks etdirən bir gün vahidinin pul məbləği. 

    Bu modeldə əvvəlcə hüquq pozuntusunun xarakterinə və ağırlıq dərəcəsinə uyğun gün vahidlərinin sayı müəyyən edilir. Daha sonra şəxsin müəyyən edilmiş meyarlar əsasında hesablanan gündəlik gəlirindən çıxış etməklə bir gün vahidinin pul ifadəsi müəyyənləşdirilir. Gün vahidlərinin sayı ilə bir gün vahidinin pul məbləğinin hasili yekun cərimə məbləğini təşkil edir.

    Beləliklə, cərimənin hüquqi ağırlığını ifadə edən göstərici ilə onun konkret şəxs üçün maliyyə ifadəsi bir-birindən ayrılır. Hüquq pozuntusunun ağırlığı şəxsin gəlirindən asılı olaraq dəyişmir, gəlir yalnız həmin sanksiyanın konkret şəxs üçün maliyyə yükünün müəyyən edilməsində nəzərə alınır. Bu xüsusiyyət gəlirə proporsional cərimə mexanizmini adi sabit məbləğli cərimədən fərqləndirən əsas cəhətlərdən biridir.

    Bu səbəbdən təklif olunan mexanizm mövcud sabit məbləğli inzibati cərimə sisteminin tamamilə dəyişdirilməsini nəzərdə tutmur. Söhbət yalnız yüksək ictimai risk daşıyan məhdud sayda inzibati xətalar üzrə cərimənin preventiv təsirini gücləndirməyə yönəlmiş əlavə mexanizmin tətbiqindən gedir.

    Bu yanaşma çərçivəsində cərimə mexanizminin səmərəliliyinin qiymətləndirilməsi də yalnız tətbiq edilmiş cərimələrin sayı və ya onların ümumi maliyyə həcmi ilə məhdudlaşmamalıdır. Cərimənin əsas hüquqi funksiyalarından biri hüquq pozuntularının qarşısının alınması olduğundan, onun təsirinin qiymətləndirilməsində təkrar pozuntuların dinamikası və digər yol təhlükəsizliyi göstəriciləri də nəzərə alınmalıdır.

    Təkrar pozuntuların mövcudluğu öz-özlüyündə cərimənin çəkindirici təsirinin zəif olduğunu sübut etmir. Lakin eyni şəxslər və ya eyni xarakterli pozuntular üzrə təkrar halların davamlılığı cərimə mexanizminin preventiv təsirinin ayrıca araşdırılmasını tələb edən göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Belə təhlil cərimənin yalnız pozuntu faktına birdəfəlik reaksiya verməklə kifayətlənib-kifayətlənmədiyini və davranışın dəyişdirilməsinə nə dərəcədə təsir göstərdiyini müəyyən etməyə imkan verə bilər.

    Bu baxımdan sürücünün əvvəlki pozuntuları haqqında məlumatların sistemli şəkildə nəzərə alınması, təkrar pozuntuların dinamikasının izlənməsi və yüksək riskli davranışların müəyyən edilməsi cərimə mexanizminin preventiv imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Lakin bu məsələlər gəlirə proporsional cərimə mexanizminin özündən fərqli olaraq ayrıca hüquqi və institusional mexanizmlər tələb edir.


    Davamı var


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ