Sizin reklam burada
Sizin reklam burada
  • “İranın ideoloji baxışlarını Azərbaycanda yaymağa çalışan ciddi şəbəkəsi var” - Arzu Nağıyev

    "İranın müyyən siyasi-ideoloji və təhlükəsizlik dairələri, daha doğrusu, xüsusi xidmət orqanlarının Azərbaycanın daxili proseslərinə təsir göstərmək cəhdləri aydın görünür. Bununla əlaqədar olaraq dəfələrlə Dövlət Təhlükəsizlik Xidməti səviyyəsində çox mühüm əməliyyatlar keçirilib, radikal dini qurumlara qarşı mübarizə daha da effektiv aparılıb və əməliyyat şəraitinə nəzarət olunmaq üçün tam şəkildə İran xüsusi xidmət orqanlarına, onlarla əlaqədə olan digər dövlətlərin xüsusi xidmət orqanlarına qarşı çox ciddi mübarizə aparılıb”.

    Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

    O bildirib ki, bu məsələyə tək iki dövlətin arasında deyil, yəni bu prizmadan yox, regional geosiyasi rəqabət, milli kimlik, dini ideologiya və təhlükəsizlik maraqları kontekstində yanaşmaq lazımdır. 

    “Məlum məsələdir ki, İran dövlətinin Azərbaycanın bəzi siyasi addımlarından narazı olması ilə ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri eyni şey deyil. Konkret müdaxilə iddialarıı qiymətləndirilməsi rəsmi açıqlamalarla yanaşı, yoxlanıla bilən faktlar, sənədlər və müstəqil araşdırmalara əsaslanmaq lazımdır. Əsas səbəblərdən biri bu gün 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda qüvvələrin nisbətinin dəyişməsidir. Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığı, regional mövqelərin güclənməsi, müstəqil xarici siyasət aparması təbii ki, İranın bölgədəki təsir imkanlarını azaldır. Və bu da məlumdur ki, İran bununla barışmaq istəmir. Eyni zamanda İsraillə Azərbaycan arasında münasibətlər, Azərbaycan-İsraillə o cümlədən müdafiə sahəsində əməkdaşlığı Tehran üçün guya ki, əsas təhlükəsizlik məsələlərindən biridir. İran rəsmiləri Azərbaycanın ərazisinin İrana qarşı istifadə oluna biləcəyi barədə iddialar səsləndirirlər. Bu iddialar çoxdan rədd olunub, dəfələrlə cənab Prezident İlham Əliyev səviyyəsində bu söhbətlərə son qoyulub. Buna baxmayaraq İran yenə də bu prosesləri davam etdirir. Dini-siyasi təsir imkanları məsələsinə yanaşsaq, İranın siyasi-dini sistem və ideoloji baxışların Azərbaycanda yaymağa çalışan ciddi şəbəkəsi var və bunun qarşısının alınması istiqamətində addımlar atılıb. Vaxtı ilə bununla bağlı hansısa mitinqlərin keçirilməsi cəhdləri var idi. Hüquq-mühafizə orqanları, Azərbaycan hökuməti bunun qarşısını aldı”, - deputat deyib.

     Əlavə edib ki, İranda yaşayan azərbaycanlılar amilini də nəzərə almaq lazımdır. İranda böyük azərbaycanlı əhali yaşayır. Müstəqil və güclü Azərbaycan dövlətinin mövcudluğu, milli kimlik və ana dili hüquqları ilə bağlı məsələlər İranın bəzi siyasi dairələrində həssaslıq yaradır. Buna görə də, bu yanaşmanı İranın bütün dövlət qurumlarının vahid mövqeyi kimi təqdim etmək düzgün olmazdı.

    Nəqliyyat və geosiyasi dəhlizlərlə bağlı məsələlərdə, xüsusilə Zəngəzur dəhlizi ətrafında İran dəfələrlə özünün və digərlərinin mövqeyini ortaya qoymağa çalışıb:

    “Tehran, xüsusilə Ermənistanla sərhədinin və regiondakı geosiyasi vəziyyətin dəyişməsindən narahatdır. Düşünürəm ki, məsələni yalnız bir istiqamətdə, məsələn, hansısa geyimlə əlaqələndirmək düzgün deyil. Burada daha ciddi siyasi proseslərdən söhbət gedir. Hesab edirəm ki, həm hüquq-mühafizə orqanları, həm Azərbaycan hakimiyyəti, həm də xüsusi xidmət orqanları tam əməliyyat şəraitinə nəzarət edir və bu istiqamətdə ciddi addımlar atılır. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi İranın rəsmi dairələrinin və onlara yaxın media orqanlarının Azərbaycana qarşı apardığı kampaniyalara dəfələrlə etirazını bildirib. Təhlükə ondan ibarətdir ki, belə fəaliyyətlərin məqsədi cəmiyyətdə etimadsızlıq yaratmaq, ictimai müzakirələri qütbləşdirmək və xarici siyasət məsələlərində çaşqınlıq formalaşdırmaq ola bilər”.

    A.Nağıyev bildirib ki, əvvəllər Azərbaycanda İslam dövləti modelinin yaradılmasına yönəlmiş cəhdlər də mövcud olub: “Lakin Azərbaycan dünyəvi dövlətdir və özünün müstəqil daxili və xarici siyasətini həyata keçirir. İranın siyasi-dini modelini Azərbaycana yeritmək mümkün deyil. Radikal qrupların fəaliyyət göstərməsi və xaricdəki dini təhsil müəssisələri ilə qeyri-şəffaf əlaqələrin mövcudluğu belə cəhdlərin uğur qazanacağı anlamına gəlmir. Təbliğatlarda İranla əlaqəli olduğu bildirilən bəzi qrupların təhsil müəssisələrindən və sosial mediadan istifadə edilir, biz binu görürük. Kəşfiyyat, casusluq, sobataj riski də var. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirdiyi, neft kəmərləri və digər strateji obyektləri hədəfə almağı nəzərdə tutan planların qarşısının alınması barədə ciddi məlumatları mövcuddur. Bu cür cəhdlərin qarşısının alınması enerji sektorunun təhlükəsizliyinin təmin edilməsi, dövlətin strateji maraqlarının qorunması və insanların həyatının riskə atılmasını önləyib. Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər də xüsusi diqqət tələb edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri və beynəlxalq nəqliyyat marşrutlarına yönələ biləcək təhdidlər, kritik infrastruktura qarşı mümkün təxribatlar və s. vurğulamaq olar. Sərhəd təhlükəsizliyi, hərbi siyasi təzyiq də mühüm məsələlərdir”. 

    Komitə sədri bildirib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqələndirilən fəaliyyətlər sırasında dronlardan istifadə etməklə Azərbaycana narkotik vasitələrin gətirilməsi, hava limanına zərər vurmaq cəhdləri və digər təhlükəsizlik riskləri barədə iddialar da səsləndirilib. Bu kimi halların mülki əhalinin təhlükəsizliyinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılıqla mübarizəyə təsirləri ciddi narahatlıq doğurur: “Bütün bunlar təkcə ideoloji mübarizə çərçivəsində deyil, daha geniş regional geosiyasi rəqabət kontekstində qiymətləndirilməlidir. İran Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır. Azərbaycanın yeni nəqliyyat dəhlizlərinin inkişafı və regional ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı addımlar isə regionda geosiyasi və iqtisadi təsir uğrunda rəqabətin mühüm elementlərindəndir. Bir sözlə, Azərbaycan kritik infrastrukturu, rabitə sistemlərini, nəqliyyat xətlərini və strateji obyektlərini qorumaq, dini fəaliyyətin şəffaflığını təmin etmək və informasiya təhlükəsizliyini gücləndirmək istiqamətində ciddi addımlar atır. Eyni zamanda, cənab Prezidentin rəhbərliyi ilə diplomatik kanalların açıq saxlanılması və gərginliyin azaldılması istiqamətində səylər göstərilir. Belə nəticəyə gəlmək olar ki, problemin kökündə yalnız dini və ideoloji fərqlər dayanmır. Regional güc balansı, Azərbaycanın İsraillə və ABŞ-la münasibətləri, nəqliyyat dəhlizləri, İranın öz sərhədləri ətrafındakı təhlükəsizlik narahatlıqları və Azərbaycanın müstəqil xarici siyasəti bir-biri ilə sıx əlaqəlidir. Bizim prinsipimiz budur: cənab Prezidentin həyata keçirdiyi siyasətin əsasını Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və hər bir Azərbaycan vətəndaşının rifahı, təhlükəsizliyinin qorunması təşkil edir. Ölkəmiz vətəndaşlarının təhlükəsizliyinə yönələn təhdidlərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görür. Konkret müdaxilə və təxribat cəhdlərinə qarşı qətiyyətli davranacağıq. Bununla yanaşı, hər bir iddia sübutlar əsasında qiymətləndirilməli, bütöv bir xalqın, dini icmanın və ya ölkənin bütün dövlət qurumlarının eyni mövqedə olduğu barədə ümumiləşdirmələrdən çəkinilməlidir. Hər kəsin öz mövqeyi var. Biz dünyəvi dövlətdə yaşayırıq və hər kəsin əqidəsinə, dünyagörüşünə, dini inancına və milli mənsubiyyətinə daim hörmətlə yanaşmışıq və bundan sonra da yanaşacağıq. Bu yanaşma həm milli təhlükəsizliyin, həm də uzunmüddətli regional sabitliyin qorunmasına xidmət edir”.

    Pərvanə Sultanova


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ