"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşü və mətbuata verdiyi bəyanat ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, müstəqil xarici siyasətinin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq strategiyasının növbəti göstəricisidir."
Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı Azərbaycan–Kamboca münasibətlərinin inkişaf perspektivlərini şərh edərkən bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə siyasi, iqtisadi və humanitar əlaqələrini ardıcıl şəkildə genişləndirir. Kamboca ilə münasibətlərin inkişafı da bu siyasətin mühüm istiqamətlərindən biridir.
Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirməsi münasibətlərimizin möhkəm siyasi təməllərə əsaslandığını göstərir.
Prezident İlham Əliyevin xarici siyasətinin mühüm üstünlüklərindən biri siyasi dialoqu konkret iqtisadi əməkdaşlığa çevirmək bacarığıdır. Bu baxımdan Azərbaycan və Kamboca arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, enerji, nəqliyyat, turizm və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi mühüm perspektivlər vəd edir.
Azərbaycanın uğurlu dövlət idarəçiliyi təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurması da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modelinə Kamboca tərəfindən göstərilən maraq ölkəmizin innovativ idarəetmə sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda tanındığını təsdiqləyir.
Eyni zamanda, təhsil və parlamentlərarası əlaqələrin inkişafı xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması mövcud tarixi əlaqələrin müasir dövrdə daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Azərbaycan və Kambocanı birləşdirən mühüm məsələlərdən biri də mina təhlükəsi ilə mübarizədir. Hər iki ölkə bu problemin ağır humanitar nəticələri ilə üzləşib. Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında basdırdığı minalar bu gün də insanların həyatına təhlükə yaradır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını çətinləşdirir.
Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla davam etdirilir. Mina təhlükəsi ilə mübarizə sahəsində Kamboca ilə təcrübə mübadiləsi hər iki dövlət üçün faydalı ola bilər.
Azərbaycanın xarici siyasətinin əsas prinsipləri beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı etimaddır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda yeni siyasi reallıqlar yaradıb.
Bu gün ölkəmiz yalnız öz milli maraqlarını müdafiə edən deyil, həm də beynəlxalq təhlükəsizliyə, sülhə və dövlətlərarası əməkdaşlığa mühüm töhfələr verən güclü dövlətdir.
Kamboca Krallığının Baş nazirinin Azərbaycana səfəri bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir, yeni iqtisadi imkanlar yaradır və ölkəmizin dünya miqyasında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bəradər Səməndərli
"Atributinfo.az"
