Qazaxıstan Energetika Nazirliyinə istinadən xəbər veririk ki, üçtərəfli görüş “UEW 2026” Beynəlxalq Enerji Forumu çərçivəsində keçirilib. Forumda Qazaxıstanı energetika nazirinin müavini Bakıtjan İlyas təmsil edib.
Onun sözlərinə görə, üç ölkənin dövlət başçıları tərəfindən Bakıda keçirilən COP29 konfransının kənarında imzalanan saziş davamlı enerji dəhlizinin formalaşdırılması və ekoloji təmiz elektrik enerjisi ticarətinin genişləndirilməsi üçün əsas yaradır. Layihə bərpaolunan enerji mənbələrinin potensialının səmərəli istifadəsini, sistemlərarası enerji əlaqələrinin inkişafını, eləcə də yaşıl elektrik enerjisinin Avropaya və digər regionlara ixracı üçün şəraitin yaradılmasını nəzərdə tutur.
Mövcud enerji infrastrukturunun genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyası üçün zəruri olan yeni elektrik ötürücü xətlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Görüş iştirakçıları layihənin irəliyə aparılmasında və transregional yaşıl enerji dəhlizinin inkişafına dair birgə fəaliyyətlərin koordinasiyasının davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
