Dövlətin institut kimi varlığını şərtləndirən, onun beynəlxalq aləmdə subyektliyini və milli kimliyini təmin edən əsas amil suveren hakimiyyətin ölkə ərazisində bərqərar olunmasıdır
"Uzun illər boyunca davam edən işğal faktı və separator meyillər həm ərazi bütövlüyümüzə, həm də dövlətçilik institutlarımızın tam gücü ilə fəaliyyət göstərməsinə maneələr yaradırdı. Sentyabr antiterror tədbirləri ilə ölkəmizin hər bir nöqtəsində konstitusiya quruluşunun yenidən bərpa edilməsi beynəlxalq hüququn aliliyini təmin edərək regionda onilliklər boyu davam edən qeyri-müəyyənliyə qətiyyətlə son qoydu."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov dövlət suverenliyinin tam bərqərar edilməsinin Azərbaycanın iqtisadi, siyasi və institusional müstəqilliyini mahiyyətcə yeni keyfiyyət mərhələsinə qaldırdığını bildirərkən qeyd edib:
“30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların və müxtəlif vasitəçilik missiyalarının nəticəsiz qalan danışıqlar prosesi fonunda Azərbaycan hüquqi və tarixi haqqını öz gücü ilə bərpa etməli oldu. Sərhədlərimizdə nəzarət mexanizmlərinin tətbiqi və ardınca həyata keçirilən tədbirlər dövlətimizin öz ərazisində tam ali hakimiyyətə malik olduğunu əyani şəkildə nümayiş etdirdi. Bu gün formalaşan yeni reallıq göstərir ki, xarici təzyiqlərdən və köhnəlmiş status-kvo yanaşmalarından azad olmuş suveren dövlətlə tərəfdaşlıq etmək beynəlxalq birlik üçün də etibarlı yoldur. Bütün ərazisində qanunun aliliyini təmin etmiş Azərbaycan daxili sabitliyini tam möhkəmləndirərək uzunmüddətli inkişaf strategiyalarını maneəsiz icra etmək imkanı qazanıb”.
Deputat vurğulayıb ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə dövlətçiliyin zəiflədilməsi, mərkəzi hakimiyyətin primitiv idarəetmə metodları ilə iflic edilməsi və xarici təsir dairələrinə qarşı acizlik nümayiş etdirilməsi fəlakətli nəticələrə gətirib çıxarmışdı:
“O dövrdə hakimiyyətdə olanların dövlətin təməl prinsiplərini dərk etməməsi torpaqlarımızın işğalına və suverenliyimizin faktiki olaraq parçalanmasına şərait yaratmışdı. İdarəetmədəki xaos və milli maraqların populist şüarlara qurban verilməsi Azərbaycanı böhran həddinə çatdırmışdı. Bu gün isə nümayiş etdirilən qətiyyətli siyasi iradə və daxili vahidlik həmin acı təcrübənin bir daha təkrar olunmayacağını təsdiqləyir. Təqvimimizə daxil edilən xüsusi əlamətdar tarixlər keçmişə ehtiram, gələcək nəsillərə suverenliyin və müstəqil iradənin nə dərəcədə əhəmiyyət daşıdığını xatırladan konsepsiyadır. Suveren Azərbaycan bundan sonra da milli maraqlarını bütün platformalarda qorumağa davam edəcəkdir”.
Bəradər Səməndərli
"Atributinfo.az"
