Sizin reklam burada
Sizin reklam burada
  • Anım Günü – qəhrəmanlıq və milli birliyimizin rəmzi

    27 sentyabr Azərbaycanda Anım Günüdür


     "Bu gün Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq.

    2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixində mühüm mərhələ oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində uzun illər işğal altında qalmış ərazilər azad edildi. Müharibənin yekununda Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə olundu.

    Vətən müharibəsi günlərində Azərbaycan xalqı vahid amal ətrafında birləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq nümayiş etdirdilər. Şəhidlərimizin və qazilərimizin göstərdikləri fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq."

    Bu sözləri"atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib. 

    Deputat bildirib ki, Anım Günü yalnız şəhidlərimizi yad etdiyimiz tarix deyil, eyni zamanda xalqımızın Vətənə bağlılığının, milli birliyinin və qəhrəmanlığının ifadəsidir. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir:


    "Bu gün ölkəmizdə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Anım Gününün təsis edilməsi, Zəfər parkı və muzeyinin yaradılması, Hərbi Qənimətlər Parkının açılması, eləcə də Vətən müharibəsində iştirak edən hərbçilər üçün medal və ordenlərin təsis olunması bu istiqamətdə görülən işlər sırasındadır."


    Mircəlil Qasımlı qeyd edir ki, şəhidlərimizin xatirəsini yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla anırıq.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ