"Atributinfo.az" xəbər verir ki, anım mərasimi şəhidin dəfn olunduğu Saatlı rayonun Qara Nuru kəndində baş tutub.
Şəhidimizin ildönümü mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH-nin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Mərasim zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb, ruhlarına dualar oxunub. Həmçinin şəhidlərimizin əziz xatirələrinin xalqımızın qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov Sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Ariz Məhərrəmov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Zahir
"Atributunfo.az"
