Qısa tanışlıq:
Mehdiyev Elşad Sabir oğlu Gəncədə ziyalı ailəsində doğulub. Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Bir müddət Gəncədə həkim-interna işləyib. Sonra ruhi-əsəb dispanserində uşaq, yeniyetmələr psixiatrı olub. Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi qulluqçularda posttravmatikstress pozuntularının kliniki xüsusiyyətlərini, müalicə və reablitasiya işlərinin tədqiq edib. 40-dək elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.
Silahlı Qüvvələrdə xidmətdə fərqləndiyinə görə dəfələrlə fəxri fərmanla və 9 müdalla təltif olunub. İkinci Qarabağ müharibəsində xidmətini vəzifəsini şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hazırda müdafiə Nazirliyinin Baş Klinik Hospitalında psixiatriya bölməsinin rəisi, Azərbaycan Ordusunun Baş Psixiatrı, tibb xidməti polkovnikidir.
Ailəlidir, 2 övladı var.
Elşad Mehdiyev dövlətsevər insandır. Onun solğun duyğulara vurduğu həyat ilmələri çoxlarının könül dünyamsına sığal çəkir. Səmimi deyim ki, xeyli vaxtdır tanıdığım, şəxsiyyətinə və peşəsinnə hörmət etdiyim bu dəyərli həkim-psixiatr öz kövrək və səmimi hisləri ilə bizim də ovqatımıza rəng qatmağı bacarır. Mən onunla ilk tanışlıqdan anlamışdım ki, o, sevdiyi sənətə özünəməxsus yolla gəlib... Necə ki, onun xidməti işinin süjet xətləri həyatdan, taledən qaynaq götürür, eləcə də o, öz qaynar insan sevgisi ilə hislərini cilalayır, peşə cəhdlərini xoşovqat missiya kimi diqqətə çəkir. Onun həyata baxışında cəmiyyət reallığı da var, ictimai çək-çevir də. Bütün hallarda o, nikbindir, kənardakına da xoş aura bağışlayır. Mən onun həm şəxsiyyətinə, həm də peşəsinə dərin rəğbət bəsləyirəm. Çünki ikisi də bir-biri ilə vəhdət təşkil edir. Onun həyata baxışında hər şey möhkəm özül üstündə bərqərardır.
Elşad Mehdiyev öz «mən»ini mətin, cəsur obraz kimi təqdim etməyi bacarır. Bu an mən onun bitkin vətəndaşlıq yanğısında bir yenilməzlik sezirəm. Yaxud da sosial çətinliklər qarşısında canlı sədd kimi dayanmış bu obrazın (əslində, Elşad müəllimin özünün) çətinliklərə mərdcəsinə sinə gərdiyi mütləqdir. Buna görə hər kəs tərəfindən sevilir.
Bilirik ki, örnək həyata, bacarığa, nümunəvi əxlaq və davranışa sahib ola bilməyin də özünün məlum çətinlikləri var. O insan ki, zəhmətin müqabilində əldə etdiyi əməksevərliyi istedadı ilə qoşalaşdırır, onun örnəklik qazanma şansı daha çox olur. Tarixdə belə tale yiyələri olub və bu gün də mövcuddur. Açığı, şəxsiyyətinə hörmət etdiyim Elşad Mehdiyev də bəxtinə örnək həyata, bacarığa sahiblik yazılmış insanlardandır, çətin və şərəfli tale yiyələrindən biridir. Bəlkə də bu səbəbdən onun həyata baxışında bu səciyyə geniş və aydın görünür. O, zəhmətkeş, işgüzar insandır, bütün fəaliyyəti boyu xalq ənənəçiliyinə sadiq qalıb, əməllərində Vətən sevgisi sərgiləyib. Tam səmimi etiraf etmək olar ki, Azərbaycan ictimai mühitinin inkişafında onun da öz xidmətləri var. Və onun çoxları üçün etdiyi fədakarlıqlar artıq həyat tariximizə qızıl hərflərlə yazılıb. Çox xoş haldır ki, Elşad müəllimin ictimaityyət quruculuğu işindəki əməksevərliyinin aydın və dəqiq sərhədləri var.
Elşad müəllim haqqında buvaxtadək çoxlu məqalə yazılıb, onun xeyirxahlığı indi də dildə-dodaqda gəzir. O, etdiyi yaxşılıqlara görə heç vaxt əvəz ummayıb. Çünki halal kökdən, dürüst nəsildən gəlib.
Bəli, Elşad müəllimin ömür yolu bir kitaba sığmaz; çünki o, öz həyatının ən çətin anlarını səbr və təmkinlə mühafizə edib, elə o təmkinlə də xalqın xidmətində dayanıb.
Sizə möhkəm can sağlığı arzulayıram, Elşad müəllim!
Bəradər Səməndərli
