![]()
Milli Məclisdə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aydın Hüseynov ölkənin iqtisadi inkişaf prioritetləri, büdcənin sosialyönümlü xərcləri və təmsil etdiyi Qaradağ rayonunda görülən işlərlə bağlı mühüm fikirlər səsləndirib.
Qaradağ rayonunun potensialı və icra başçısının fəaliyyəti
Deputat çıxışının əvvəlində Qaradağ rayonunun ölkənin iqtisadi həyatındakı mühüm roluna toxunaraq bildirib ki, rayon sənaye, nəqliyyat və logistika sahəsində, xüsusilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər müəssisələr sayəsində böyük potensiala malikdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonda mühüm iqtisadi və infrastruktur layihələri icra edilib.
Aydın Hüseynov Qaradağ rayonunun yeni icra başçısı Natiq Əliyevin fəaliyyətini də müsbət qiymətləndirib:
"Yeni icra başçısının qısa müddətdə rayon sakinləri ilə çoxsaylı görüşlər keçirməsi, vətəndaşları dinləməsi və onların problemlərini yerində öyrənməsi düzgün idarəetmənin vacib şərti kimi dəyərləndirilib.
Qarşıdakı dövrdə qəsəbələrin yol-kommunal infrastrukturu, təhsil və səhiyyə müəssisələrinin imkanları, ekoloji problemlərin həlli, həmçinin gənclər üçün yeni iş yerlərinin yaradılması əsas gözləntilər sırasındadır."
İqtisadi inkişaf və sosial siyasətin vəhdəti
Deputat qeyd edib ki, ölkənin iqtisadi imkanları, beynəlxalq siyasi nüfuzu və qazanılan sosial-iqtisadi nailiyyətlər Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl siyasətinin nəticəsidir. Bu siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rifahı və sosial müdafiəsinin gücləndirilməsi dayanır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə və sahibkarlığın dəstəklənməsi dövlətin maliyyə imkanlarını artırır.
Aydın Hüseynov vurğulayıb ki, Azərbaycanın formalaşdırdığı iqtisadi modelin əsas üstünlüyü iqtisadi inkişafla sosial siyasətin vəhdət təşkil etməsidir; dayanıqlı dövlət büdcəsi məhz dayanıqlı iqtisadi inkişafın məntiqi nəticəsidir.
2027-ci il dövlət büdcəsinin əsas göstəriciləri:
"Layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39,25 milyard manat, xərcləri isə 42,4 milyard manat nəzərdə tutulur. Diqqət çəkən əsas məqamlardan biri gəlirlərin 60,6 faizinin qeyri-neft sektorunun hesabına formalaşmasıdır ki, bu da büdcənin neft qiymətlərindən asılılığını azaldır.
Büdcə xərclərinin bölgüsündə əsas diqqət sosialyönümlü xərclərə və təhlükəsizliyə yönəldilib:
Sosialyönümlü xərclər:
18,7 milyard manat;
Müdafiə və milli təhlükəsizlik: 8,8 milyard manat;
Təhsil və elm: 5,4 milyard manat;
Sosial müdafiə və sosial təminat: 4,9 milyard manat;
Səhiyyə: 2,1 milyard manat.
Məşğulluq və büdcə səmərəliliyi
Çıxışın sonunda büdcə vəsaitlərinin yalnız ayrılmasının deyil, onların düzgün və səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub. Deputat bildirib ki, büdcənin əsas məqsədlərindən biri insanların sosial rifahını yüksəltməkdir və bunun ən mühüm yollarından biri məşğulluğun təmin edilməsidir. Ayrılan vəsaitlər hesabına neçə daimi və müvəqqəti iş yerinin yaradılacağının əvvəlcədən proqnozlaşdırılması üçün müvafiq hesablama metodologiyasının hazırlanması məqsədəuyğun hesab edilib.
Bəradər Səməndərli
"Atributinfo.az"
