Sizin reklam burada
Sizin reklam burada
  • "Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının rəmzidir"- Kamal Cəfərov

    Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının rəmzidir. Hər il 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandıran və bu yolda canından keçən qəhrəman şəhidlərimizə dövlət səviyyəsində göstərilən dərin ehtiramın ifadəsidir. Uzun illər davam edən işğal dövründə məruz qaldığı deportasiyalara, soyqırımlara və beynəlxalq ictimaiyyətin laqeydliyinə baxmayaraq Azərbaycan xalqı sülhə olan inamını qorusa da, düşmənin ardıcıl təxribatları və işğalçı siyasəti hərbi həlli qaçılmaz etmişdi.


    Bununla bağlı "atributinfo.az"a açıqlamasında 

    Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, 44 günlük müharibə hərbi qələbə və ikili standartlara əsaslanan beynəlxalq riyakarlığa qarşı Azərbaycanın vurduğu ən tutarlı zərbə oldu:


    “Onilliklər ərzində bəzi beynəlxalq təşkilatlar məsələni həll etmək əvəzinə münaqişəni dondurmağa və status-kvonu saxlamağa cəhd göstərdilər. İşğalçı ilə işğala məruz qalan tərəfə eyni münasibət bəslənilməsi, beynəlxalq qurumların qəbul etdiyi qətnamələrin uzun illər yalnız kağız üzərində qalması əslində beynəlxalq hüququn iflası demək idi. Tarixi torpaqlarımızda həyata keçirilən etnik təmizləmə siyasəti, dinc əhalimizə qarşı törədilən Xocalı kimi ağır cinayətlər dünyanın gözü qarşısında baş versə də, lazımi hüquqi və siyasi qiymətini almırdı. Bütün bunlar baş verərkən düşmənin cəzasızlıqdan yaranan arxayınlığı və cəbhəboyu mütəmadi olaraq dinc əhalimizi hədəfə alması xalqımızın sülhsevərliyinin sınanması idi. 2020-ci ilin sentyabrında başlanan əks-hücum əməliyyatları göstərdi ki, Azərbaycan öz hüquqlarını təmin etməyə, tarixi torpaqlarında ədaləti öz gücü bahasına bərqərar etməyə qadirdir. Biz ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində sübut etdik ki, beynəlxalq hüququn susduğu yerdə əsas sözü güclü iradə və milli qürur deyir”.


    Deputat əlavə edib ki, postmüharibə dövründə dövlətin əsas missiyalarından biri şanlı zəfəri bizə yaşadan qəhrəmanların xatirəsini əbədiləşdirmək və onların ailələrinə hər zaman dayaq olmaqdır:


    “Dövlətimiz hər zaman əsgərinin, qazisinin və şəhid ailələrinin yanındadır. Onların sosial müdafiəsinin təşkili, sağlamlıqlarının bərpası üçün zəruri addımların atılması müstəsna əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyətinin və dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yaradılan fondlar bu gün qazilərimizin müasir vasitələrlə müalicəsini, reabilitasiyasını və ehtiyaclarını tam təmin edir. Digər tərəfdən gələcək nəsillərin bu tarixi unutmamasını təmin etmək üçün paytaxtımızda möhtəşəm Zəfər parkı və muzeyi, o cümlədən Hərbi Qənimətlər Parkı yaradılıb. Bu məkanlar bizim milli ləyaqət simvolumuzdur. Gənclərimiz bu məkanları ziyarət edərkən xalqımızın hansı fədakarlıqlar etdiyini, ordumuzun necə peşəkarlıqla düşmənə sarsıdıcı zərbə vurduğunu və ərazi bütövlüyümüzün hansı sınaqlardan keçərək təmin olunduğunu əyani şəkildə görəcəklər. Tarixi zəfərin ardınca təsis edilən yeni orden və medallar isə qəhrəmanlarımızın misilsiz şücaətinin dövlət tərəfindən ən ali səviyyədə qiymətləndirilməsinin nümunəsidir”.- Deputat bildirib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ