![]()
Rumıniyanın Qalats judetsinin Kuka kommunasında inşa edilən, quraşdırılmış gücü 99 MVt-dan çox olan “Green Breeze” külək elektrik parkı tam istismara verilib və elektrik enerjisini şəbəkəyə ötürməyə başlayıb.
Rumıniyanın “Profit.ro” nəşrinin məlumatına görə, layihənin kommersiya istismarına başlaması onun maliyyələşdirilməsində iştirak edən BCR bankı tərəfindən də təsdiqlənib. Layihəni İsveçin bərpaolunan enerji şirkəti OX2 inkişaf etdirib və tikintini tamamladıqdan sonra parkı “Nala Renewables” şirkətinə təhvil verib.
Külək parkı hər birinin gücü 6,2 MVt olan 16 ədəd “Vestas V162” turbinindən ibarətdir. İllik elektrik enerjisi istehsalının təxminən 312 GVt-saat olacağı gözlənilir. Bu həcm təxminən 51 min ev təsərrüfatının elektrik tələbatına bərabərdir.
Layihənin istismarı nəticəsində ildə təxminən 150 min ton karbon qazı emissiyasının qarşısının alınacağı bildirilir. Tikinti işlərinə 2024-cü ilin noyabrında başlanılıb, park 2026-cı ilin mayında enerjiləşdirilərək milli elektrik şəbəkəsinə qoşulub.
Layihənin diqqətçəkən cəhətlərindən biri ABŞ-nin “Apple” şirkətinin onunla uzunmüddətli enerji alışı sazişi bağlamasıdır. Nəşrin məlumatına görə, 12 illik PPA müqaviləsi parkın gələcək istehsalının əhəmiyyətli hissəsini əhatə edir. Söhbət virtual PPA-dan gedir: elektrik enerjisi fiziki olaraq “Apple”a çatdırılmır, şirkət layihənin bərpaolunan enerji istehsalına verdiyi töhfəni maliyyə mexanizmi vasitəsilə dəstəkləyir.
“Green Breeze” OX2-nin Rumıniyada kommersiya istismarına çatan ilk layihəsidir. Parkın işə düşməsi Rumıniyada son illərdə sürətlənən külək və Günəş enerjisi investisiyalarının davamı kimi qiymətləndirilir.
