Respublikamızın hər yerində olduğu kimi Qax rayonunda da 27 sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra Rayon rəhbərliyi, YAP rayon təşkilatı və hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, kollektivlər, şəhid ailələri və qazilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında torpaqlarımızın müstəqilliyi, azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman oğullarımızın xatirəsini yad ediblər.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək bildirib ki, 27 sentyabr-Anım Günü xalqımız üçün həm dərin hüzn, həm də milli qürur günüdür. Azərbaycanın bugünkü tarixi qələbəsinin siyasi və dövlətçilik əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin milli dövlətçilik ideologiyası, güclü dövlət, güclü ordu konsepsiyası, xalqın milli-mənəvi dəyərlər ətrafında səfərbər edilməsi Azərbaycanın gələcək zəfərinin möhkəm təməlini yaradıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətçiliyini daha da gücləndirib, ölkənin iqtisadi və müdafiə gücünü yüksəltməklə masir və qüdrətli ordunun formalaşmasına nail olub.
27 sentyabr Vətən müharibəsinin başlanğıcını, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların fədakarlığını və xalqımızın sarsılmaz birliyini xatırladır. Anım Günü keçmişə ehtiram olmaqla yanaşı, müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün hansı ağır sınaqlardan keçərək qorunduğunu gələcək nəsillərə çatdırır.
44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bugün işğaldan azad olunmuş tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyəti və arzusu - Azərbaycanın ərazi bütövlüyünün bərpası, xüsusilə Şuşanın və işğal olunmuş torpaqlarımızın azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən şərəflə yerinə yetirildi.
19-20 sentyabr 2023-cü il tarixlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi 23 saat davam edən lokal antiterror əməliyyatı nəticəsində Respublikamızın bütün ərazisində dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Beləliklə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə yekun möhür vuruldu və otuz illik işğala birdəfəlik son qoyuldu.
RİH başçısı çıxışında o cümlədən, bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycanın zəfərdən sonrakı inkişaf mərhələsini nümayiş etdirdiyini, Qarabağ və Şərqi Zəngəzurda yeni şəhər və kəndlərin, yolların, infrastrukturun yaradılmasını şəhidlərimizin uğrunda canını fəda etdiyi torpaqlarda həyatın yenidən formalaşmasının parlaq ifadəsi olduğunu bildirib.
Tədbirdə Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova və 2016-cı il Aprel döyüşləri, Vətən Müharibəsi və Antiteror əməliyyatlarının iştirakçısı, Qarabağ və Azərbaycan bayrağı ordenləri ilə təltif olunmuş, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Mayor Tamerlan Rəşidli çıxış edərək, Vətən uğrunda canlarından keçən igid oğulların qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıblar.
Şəhidlərimizin adı yalnız bugünün deyil, gələcək nəsillərin də milli yaddaşının ayrılmaz hissəsi olacaq, onların əziz xatirəsi əbədi yaşayacaq, Azərbaycanın zəfər tarixinin hər yeni səhifəsində daha da ucalacaq.
Ölkənin hər yerində olduğu kimi, rayonumuzda da saat 12:00-da şəhidlərin xatirəsi sükutla yad edildi.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bərabər,
Zahir
