Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizə tarixi, minlərlə adsız qəhrəmanın, fədakar ailələrin canı və qanı bahasına yazılmışdır. Bu müqəddəs tarixdə Naxçıvanın hər qarış torpağını özünə sipər edən, düşmən tapdağına verməyən cəsur oğullarımızın payı əvəzsizdir. Belə şərəfli ömür yollarından biri də Şərur rayonunun Tənənəm kəndində böyüyüb boya-başa çatan, ömrünü və gəncliyini Vətən müdafiəsinə həsr edən Bəşirli Hafiz Kamil oğlunun və onun fədakar ailəsinin hekayəsidir.
Bəşirli Hafiz Kamil oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun qədim və füsunkar Tənənəm kəndində anadan olmuşdur. O, 1981-1991-ci illərdə Tənənəm kənd orta məktəbində təhsil almışdır. Fitri istedadı və elmə olan həvəsi sayəsində orta məktəbi əla qiymətlərlə başa vuran Hafizin ən böyük arzusu ali təhsil alaraq cəmiyyətə faydalı bir mütəxəssis olmaq idi. Lakin tale onun gənclik illərini Azərbaycan tarixinin ən ağrılı və sınaq dolu dövrünə təsadüf etdirdi. 1990-cı illərin əvvəllərində mənfur erməni separatçılarının Azərbaycana qarşı elan olunmamış torpaq iddiaları və müharibə cəhdləri, ölkənin bütün sərhəd boyu ərazilərində gərginlik yaratmışdı. Düşmənin işğalçılıq siyasəti xalqın dinc həyatını alt-üst etdiyi kimi, əla qiymətlərlə məktəbi bitirən Hafizin də planlarını dəyişdi. Vətənin başı üzərini alan qara buludlar fonunda o, sənədlərini ali məktəblərə verə bilmədi. Çünki indi ən böyük vəzifə diplom almaq yox, doğma torpağı müdafiə etmək idi.
Bəşirli Hafizin atası Kamil kişi Şərur-Naxçıvan avtovağzalında xəzinədar işləyirdi. O, 30 il xəzinədar işləyib. Arada boş vaxtlarında kənddə ustalıq da edib, balalarına halal alın təri ilə qazandığı çörəyi yedizdirib. Kamil kişinin ailəsi böyük və ruzili bir ailə idi – beş qardaş və üç bacı olmaqla səkkiz övlad böyüyürdü bu ocaqda. Maraqlı və xüsusi bir məqamdır ki, qardaşlardan yalnız Hafizin soyadı Bəşirli, digər dörd qardaşın soyadı isə Abbasov olaraq qeyd edilmişdir. Vətənpərvərlik ruhunun yüksək olduğu bu ailənin bütün oğulları sanki torpaq uğrunda canından keçməyə hər an hazır idilər. Müharibənin ilk illərindən başlayaraq ailənin böyük qardaşı Füzuli Abbasov və ondan kiçik qardaşı Elsevər Abbasov silaha sarılaraq ön cəbhəyə yollandılar. Onlar 1990-1992-ci illərdə Naxçıvanın strateji əhəmiyyətli qalası sayılan Sədərək rayonunun sərhədyanı kəndlərinin müdafiəsində fəal iştirak etdilər, düşmən hücumlarının qarşısının alınmasında böyük şücaət göstərdilər. Həmin vaxt ailənin üçüncü qardaşı Bəşir Abbasov isə Azərbaycan Dövlət İqtisad Universitetində (keçmiş AXTİ) tələbə idi və elmin sirlərinə yiyələnirdi.
1993-cü ildə Bəşirli Hafizin özünün də həqiqi hərbi xidmət dövrü başladı. O, Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəyə çağırılaraq xidmətə başladı. Hafiz Naxçıvan ərazisinin müxtəlif gərgin nöqtələrində, xüsusilə Sədərək istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüş meydanında onunla çiyin-çiyinə vuruşan Cəfər, Osman, Yunis, Vüqar kimi silahdaşları ilə birlikdə düşmənə layiqli cavablar verdilər. Sədərək döyüşlərindən sonra Hafizi hərbi biliklərini daha da təkmilləşdirmək üçün Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən xüsusi təlim kursuna göndərdilər. Lakin həmin dövrdə Müdafiə Nazirliyində baş verən dəyişikliklər və kursun bağlanması səbəbindən təlimi tam başa vurmaq mümkün olmadı. O və döyüş yoldaşları yenidən Naxçıvandakı doğma "N" saylı hərbi hissəyə qayıdaraq xidmətlərini davam etdirdilər.
Hafizin elmə və hərb sənətinə olan sevgisi onu 1996-cı ildə Azərbaycan Ali Dənizçilik Məktəbinə gətirdi. O, imtahanları uğurla verərək bu ali məktəbin birinci kursuna qəbul olundu. Lakin taleyin bu ailəyə hazırladığı ən ağır sınaq hələ irəlidə idi. Hafiz Bakıda təhsil aldığı ilk ildə, ailənin kiçik qardaşı – 1977-ci il təvəllüdlü Rəfail Abbasov Culfa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Cəmi 19 yaşında Vətən fədaisi olan Rəfailin şəhadəti ailəni, xüsusən də Hafizi dərindən sarsıtdı. Qardaş itkisinin verdiyi ağır mənəvi acı və ailənin bu çətin günündə onların yanında olmaq məsuliyyəti Hafizi çətin bir qərar verməyə məcbur etdi. O, öz ərizəsi ilə Azərbaycan Ali Dənizçilik Məktəbindən azad olunmasını istədi. Təhsilini yarımçıq qoyan Hafiz yenidən silahı seçdi və Vətənə xidmətini davam etdirmək üçün Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəyə yollandı. O, qardaşının intiqamını və Vətənə olan borcunu səngərdə ödəməyi hər şeydən üstün tutdu.
Zaman keçir, illər bir-birini əvəz edir, lakin çəkilən zəhmətlər və itkilərin ağrısı unudulmur. Bu fədakar ailənin qardaşlarından biri – tələbəlik illərindən bəri hər kəsin hörmətini qazanan Bəşir Abbasov iki il əvvəl vaxtsız vəfat edərək haqq dünyasına qovuşmuşdur. Bu gün ailənin digər qardaşları paytaxt Bakı şəhərində yaşayır və dinc quruculuq işləri ilə məşğuldurlar. Elsevər Abbasov sürücü kimi çalışır, Füzuli Abbasov və Bəşirli Hafiz isə ticarət fəaliyyəti ilə məşğul olaraq ailələrini halal zəhmətlə dolandırırlar. Hafiz Bəşirli bu gün ailəlidir, cəmiyyət üçün faydalı böyüyən iki övlad atasıdır. O, keçmiş döyüş illərini, itirdiyi gənc qardaşını və çətin sınaqlardan keçmiş gəncliyini hər zaman qürurla xatırlayır. Məktəb illərində əlaçı olan, lakin müharibə alovları içərisində silaha sarılan Hafiz və onun qardaşları, Azərbaycanın müstəqilliyinin hansı çətinliklərlə qazanıldığının canlı şahidləri və memarlarıdırlar. Onların ömür yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik və fədakarlıq nümunəsidir.
Hüseyn İsaoğlu
yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü
