Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın iqtisadi inkişaf modeli yeni imkanlar yaradır


    Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi model sabitlik, müstəqil maliyyə sistemi və uzunmüddətli inkişaf strategiyasına əsaslanır. Bu gün qarşıda duran əsas məqsədlərdən biri əldə edilmiş iqtisadi imkanları qorumaqla yanaşı, qeyri-neft sektorunun potensialından daha geniş istifadə etmək və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirməkdir.


    Bununla bağlı "atributinfo.az"a danışan Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib ki, Azərbaycanın investisiya baxımından mühüm üstünlüklərindən biri ölkədə yaradılmış sabit və etibarlı iqtisadi mühitdir. Xarici borcun aşağı səviyyədə olması, valyuta ehtiyatlarının güclü mövqeyi və uzunmüddətli iqtisadi sabitlik investorlar üçün mühüm amillərdir.


    Azərbaycanın enerji potensialı da yeni mərhələyə qədəm qoyur. Ənənəvi neft-qaz sektoru ilə yanaşı, günəş və külək enerjisinin inkişafı, elektrik enerjisinin istehsalı və ixrac imkanlarının genişləndirilməsi ölkənin gələcək iqtisadi inkişafında mühüm istiqamətlərdəndir. Xəzər dənizinin Azərbaycan sektorunda böyük enerji potensialının mövcudluğu bu sahənin perspektivlərini daha da artırır.


    Digər mühüm istiqamət Azərbaycanın nəqliyyat və logistika imkanlarıdır. Dəmir yollarına, dəniz limanlarına, hava nəqliyyatına və avtomobil yollarına böyük həcmdə investisiyaların yatırılması ölkənin regional tranzit mərkəzi kimi əhəmiyyətini gücləndirib. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin artması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı ölkənin beynəlxalq ticarətdə rolunu daha da genişləndirir.


    Mircəlil Qasımlının sözlərinə görə, Azərbaycanın qarşıdakı dövr üçün böyük potensiala malik sahələri sırasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzləri, mədənçilik və müasir infrastruktur layihələri də xüsusi yer tutur. Bu istiqamətlərə investisiyaların cəlb edilməsi qeyri-neft sektorunun inkişafına və yeni iqtisadi imkanların formalaşmasına xidmət edə bilər.


    Azərbaycanın mühüm üstünlüklərindən biri də Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, geniş nəqliyyat və enerji infrastrukturu, eləcə də region ölkələri ilə formalaşdırdığı əlaqələrdir. Ölkənin Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsi və enerji-nəqliyyat bağlantılarının inkişafı Azərbaycanın regional iqtisadi əhəmiyyətini daha da artırır.


    Bütün bunlarla yanaşı, gələcək inkişafın əsas şərtlərindən biri peşəkar və ixtisaslı insan kapitalının formalaşdırılmasıdır. Müasir texnologiyaların tətbiqi, rəqəmsallaşma və yeni iqtisadi sahələrin inkişafı yüksək ixtisaslı kadrlara tələbatı artırır.


    Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud iqtisadi və coğrafi üstünlükləri yeni investisiyalara, dayanıqlı inkişafa və qeyri-neft sektorunun daha sürətli genişlənməsinə çevirməkdir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ