Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Dövlət Himni səsləndirilib, “Qurani-Kərim” tilavət olunub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək TDT-nin müsəlman dini liderləri arasında birgə əməkdaşlığın və mütəmadi məşvərətlərin türk-islam birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. O, dövlət başçılarının müdrik siyasəti nəticəsində dini-mənəvi dəyərlərə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın türk xalqları arasında birlik, həmrəylik və əməkdaşlığın gücləndirilməsini, ortaq tarix və dəyərlər əsasında ümumi gələcəyin qurulmasını əsas məqsədlərindən biri kimi qeyd edib.
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı ailənin insan həyatında mühüm rolundan danışaraq onun şəxsiyyətin formalaşdığı müqəddəs məkan olduğunu bildirib.
Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş dini idarə rəhbərlərinin görüşlərini TDT-nin siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, sosial, mədəni və mənəvi istiqamətlərdə də inkişafını təmin edən mühüm məsləhətləşmə platforması kimi qiymətləndirib.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarov TDT-nin qlobal arenada nüfuzunun artdığını, üzv ölkələr arasında qardaşlıq münasibətləri və sıx əməkdaşlığın möhkəmləndiyini diqqətə çatdırıb.
Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Əbdüləziz Zakirov isə elm, əxlaq və texnologiyanın inkişafında müsəlman dünyasının tarixi töhfələrindən bəhs edib.
Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin yeni seçilmiş sədri, müfti Rahman Qurbanmuradov türk xalqlarının dini rəhbərləri arasında əlaqə və əməkdaşlığın gücləndirilməsinin, mövcud məsələlərin birgə həllinin vacibliyini vurğulayıb.
Şimali Kipr Dini İşlər sədri Hakan Moral isə İslam dünyasında yaşanan ağrı və haqsızlıqların aradan qaldırılması üçün müsəlmanların birlik və həmrəyliyinin gücləndirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul olunub. Həmçinin Şura üzvləri və müşahidəçi ölkələrin dini liderlərinin Prezident İlham Əliyevə müraciəti qəbul edilib.
TDT Katibliyinin nümayəndəsi Harun Nurullah Tanzi Şuranın Fətva Komitəsinin işçi qrupunun iclasının nəticələri barədə məruzə edib. Görüşdə “İslamın elm və texnologiyaya yanaşması”, “Nikahın təşviqi, ailənin qorunması və möhkəmləndirilməsinə görə ortaq məsuliyyət” və “Müsəlman olması məlum olan şəxsi kafir elan etmənin hökmü” mövzularında razılaşdırılmış fətvalar qəbul edilərək Şura üzvləri tərəfindən imzalanıb.
Sonda Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə keçirilməsinə göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib. TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət başçılarına, eləcə də TDT Katibliyinə və Fətva Komitəsinin üzvlərinə təşəkkür ifadə olunub.
Bildirilib ki, Şuranın növbəti, VIII görüşü Türkiyədə keçiriləcək. Şeyxülislam Allahşükür Paşazadə sədrliyi Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşa təhvil verib.
