Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Ariflə görüşüb.
AMEA-dan bildiriblər ki, görüşdə akademik İsa Həbibbəyli Pakistanın hər zaman Azərbaycana dost, qardaş ölkə olduğunu, son illərdə dövlət başçılarımızın sıx münasibətləri sayəsində ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm sahəsində geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdirildiyini söyləyib.
Elmi əməkdaşlıq əlaqələri nəticəsində Akademiyada Pakistan ədəbiyyatı ilə bağlı tədqiqatların aparıldığını, AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin Azərbaycan dilinə tərcümə edildiyini deyən İ.Həbibbəyli, həmçinin “Kitabi-Dədə Qorqud” dastanının və özünün “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı kitabının urdu dilinə tərcümə edilərək Pakistanda təqdimatlarının keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Ədəbiyyat İnstitutu tərəfindən Sultan Bahonun əsərləri də tərcümə edilib və çap ərəfəsindədir.
Bundan əlavə, AMEA-nın Pakistan Ədəbiyyat Akademiyası, Lahor Dövlət Kollec Universiteti, Pakistan Müslüm İnstitutu, Sinqh Universiteti və digər akademik qurumları ilə geniş əlaqələrinin olduğu, hazırda Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzinin, Lahor Dövlət Kollec Universitetində isə Azərbaycan Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyi vurğulanıb.
AMEA rəhbəri bu ilin oktyabrında təşkil olunacaq 12-ci Bakı Beynəlxalq kitab sərgisi çərçivəsində birgə tədbirin keçirilməsini təklif edib.
Sonra çıxış edən Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Arif elmi və ədəbi əlaqələrimizin inkişafından məmnunluğunu dilə gətirib. O, 12-ci Bakı Beynəlxalq kitab sərgisində sərgi çərçivəsində birgə tədbirin keçirilməsini müsbət dəyərləndirib, müştərək tədbirlərin elmi əlaqələrimizin dərinləşməsinə və genişlənməsinə töhfə verdiyini söyləyib.
N.Arif Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
