Sizin reklam burada
Sizin reklam burada
  • MUSA SÜLEYMANOV – XEYRİXAHLIĞIN ÜNVANI

    70 illik yubileyinə

    İnsan ömründə elə bir məqam yetişir ki, dönüb geriyə baxır, keçdiyi yola nəzər salır və öz-özünə sual verir: Bu ömür necə yaşandı? Bu həyatda nə etdim, hansı izləri qoydum?

    Əgər geriyə baxanda əkdiyin ağacın bəhrəsini, gördüyün işlərin nəticəsini, yaxşılıq etdiyin insanların xoş sözünü görə bilirsənsə, deməli, ömrün hədər keçməyib. Deməli, bu dünyadan sadəcə yaşayıb keçməmisən, həm də özündən sonra xatırlanacaq bir iz qoymusan.

    Musa Süleymanovun 70 illik ömür yoluna nəzər salanda məhz belə bir mənzərə ilə qarşılaşırıq.

    Musa müəllim ilk növbədə səmimiyyəti, insanlığı, milli-mənəvi dəyərlərə bağlılığı, Vətənə və dövlətə sədaqəti ilə seçilən bir insandır. Onun həyat fəlsəfəsini sözlərdən daha çox əməlləri ifadə edir. Çünki insanın kim olduğunu söylədikləri deyil, həyatda gördüyü işlər göstərir.

    Musa Süleymanov da öz mövqeyini, Vətənə sevgisini və insanlara münasibətini daim əməlləri ilə nümayiş etdirib.

    Onun həyatının ən mühüm səhifələrindən biri Azərbaycanın ən ağır və keşməkeşli dövrlərinə təsadüf edir. Birinci Qarabağ müharibəsi illərində, torpaqlarımızın işğal altında olduğu, Azərbaycanın ərazi bütövlüyünün böyük təhlükə ilə üz-üzə qaldığı bir zamanda Musa müəllim imkanlarını əsirgəməyib. Xüsusilə Tovuzun müdafiəsində, sərhəd kəndlərində yaşayan insanların və Azərbaycan əsgərlərinin yanında olub.

    O illərdə onun göstərdiyi maddi və mənəvi dəstək bu gün də xoş xatirələrlə yada salınır. Hətta öz şəxsi vəsaiti hesabına qonşu Gürcüstandan Azərbaycan əsgərləri üçün silah-sursat alınmasına yardım göstərməsi onun Vətən sevgisinin sadəcə söz olmadığını, əmələ çevrildiyini göstərən nümunələrdəndir.

    Əməllərlə yazılan ömür

    Musa Səməd oğlu Süleymanov 14 sentyabr 1956-cı ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub.

    1990-cı illərdən etibarən sahibkarlıq fəaliyyətinə başlayan Musa Süleymanov "Simurq" firmasını təsis edib. Sonralar regional "Simurq TV" televiziya və radio şirkətinin yaradılmasına rəhbərlik edib.

    1998-ci ildə "ADO-G İnşaat Sanaye və Turizm" Azərbaycan-Türkiyə Birgə Müəssissi"ni təsis edən Musa Süleymanov tikinti və istehsalat sahəsində də mühüm layihələrə imza atıb. Özbəkistanda Azərbaycan Respublikasının Səfirlik binasının layihələndirilməsi və tikintisinə rəhbərlik edib.

    O, müxtəlif illərdə rəhbər vəzifələrdə çalışıb, istehsalat sahəsindəki səmərəli fəaliyyətinə görə dövlət tərəfindən yüksək qiymətləndirilib. 

    Eyni zamanda Musa müəllim Azərbaycanın ən böyük sənaye müəssisələrindən olan "Bünyad Sərdarov adına maşınqayırma zavodun"a rəhbərlik edib və

     Azərbaycanın Maşınqayırma Sənayesindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub və "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

    Lakin Musa Süleymanovun fəaliyyətini yalnız vəzifə, biznes və istehsalat uğurları ilə ölçmək doğru olmaz. Çünki onun həyat yolunun ən diqqətçəkən tərəflərindən biri də insanlara göstərdiyi təmənnasız qayğı və xeyirxahlıqdır.

    Azərbaycanın inkişafına töhfə verən yeni layihələr

    Musa Süleymanovun həyat və fəaliyyət yolundan danışarkən onun yaratdığı və inkişafına töhfə verdiyi işlərin bu gün də davam etdirildiyini xüsusi qeyd etmək lazımdır. Çünki əsl ömür yolu təkcə insanın öz fəaliyyəti ilə deyil, həm də yaratdığı ənənənin, formalaşdırdığı məktəbin və gələcək nəsillərə ötürdüyü dəyərlərin davamlılığı ilə ölçülür.

    Bu baxımdan, Azərbaycanın sənaye, mühəndislik və logistika potensialının gücləndirilməsinə yönələn mühüm layihələr də diqqət çəkir.

    Azərbaycanda analoqu olmayan, dünya miqyasında isə nadir texnoloji imkanlara malik layihələrdən biri TECHNOCARE MMC və ADO-G şirkətlər qrupunun birgə əməkdaşlığı nəticəsində Zirə Dəniz Limanında həyata keçirilən müasir STS (Ship-to-Shore) sahil kranı layihəsidir.

    Maksimum 90 ton yükdaşıma qabiliyyətinə malik bu nəhəng kranın elektrik və avtomatika sistemlərinin hazırlanması müasir liman infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə yalnız texniki yenilik deyil, həm də Azərbaycanın logistika imkanlarının genişləndirilməsinə xidmət edən strateji addımlardan biridir.

    Zirə limanı üçün nəzərdə tutulmuş STS sahil kranının elektrik sistemləri yüksək performans, etibarlılıq və enerji səmərəliliyi təmin edən qabaqcıl texnologiyalar əsasında hazırlanıb. Layihədə tətbiq olunan innovativ həllər enerji sərfiyyatının optimallaşdırılmasına, istismar xərclərinin azaldılmasına və kranın uzunmüddətli, dayanıqlı fəaliyyətinin təmin edilməsinə imkan yaradır.

    Kranın avtomatika sistemi isə yüklərin daşınması zamanı yüksək dəqiqlik və təhlükəsizliyi təmin edən kompleks texnoloji həllər üzərində qurulub.

    Layihənin hazırlanması zamanı təhlükəsizlik əsas prioritetlərdən biri kimi müəyyən edilib. Elektrik və avtomatika sistemləri potensial risklərin minimuma endirilməsi üçün xüsusi təhlükəsizlik mexanizmləri ilə təchiz olunub. Bu isə həm kran operatorlarının, həm də liman işçilərinin təhlükəsizliyinin ən yüksək səviyyədə qorunmasına xidmət edir.

    Əslində, Zirə Dəniz Limanında həyata keçirilən bu layihənin əhəmiyyəti təkcə bir kranın quraşdırılması ilə məhdudlaşmır. Bu, Azərbaycanın gələcəkdə regional və beynəlxalq tranzit-yükdaşıma mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edən mühüm infrastruktur elementidir.

    Azərbaycan bu gün Şərq-Qərb nəqliyyat dəhlizinin, xüsusilə də Orta Dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Transxəzər nəqliyyat marşrutunun imkanlarının artırılması, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi, yükdaşımaların həcminin artırılması Azərbaycanın Avrasiya məkanında əsas logistika qovşaqlarından birinə çevrilməsi məqsədinə xidmət edir.

    Belə bir strateji mərhələdə yerli mühəndislik və texnologiya potensialı əsasında həyata keçirilən layihələrin xüsusi əhəmiyyəti var.

    Çünki Azərbaycanın tranzit imkanlarının genişlənməsi yalnız yolların, limanların və dəmir yollarının inşası ilə ölçülmür. Müasir logistika infrastrukturu yüksək texnologiyalar, innovativ mühəndislik həlləri, avtomatlaşdırma və peşəkar insan kapitalı tələb edir.

    Zirə Dəniz Limanında həyata keçirilən bu layihə də məhz Azərbaycanın yeni inkişaf mərhələsinin göstəricilərindən biridir.

    Musa Süleymanovun həyat yolu ilə bağlı ən mühüm məqamlardan biri də budur ki, onun uzun illər ərzində sahibkarlıq, istehsalat və mühəndislik sahəsində formalaşdırdığı fəaliyyət ənənəsi bu gün də davam edir, yeni layihələrdə və yeni nəsil mütəxəssislərin fəaliyyətində yaşayır.

    Bir insanın ən böyük uğuru yalnız gördüyü işlər deyil, həm də özündən sonra davam edən işlərdir.

    Musa müəllimin 70 illik ömür yoluna nəzər salanda görürük ki, bu yol yalnız keçmişin salnaməsi deyil. Bu yol bu gün də davam edən, yeni layihələrdə, yeni təşəbbüslərdə, Azərbaycanın iqtisadi, sənaye və logistika gələcəyinə xidmət edən fəaliyyətlərdə yaşayır.

    Xeyirxahlıq onun həyat amalına çevrilib

    Musa müəllim illərdir xeyriyyəçilik fəaliyyəti ilə tanınır. Tovuz Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri kimi xüsusilə torpaqlarımızın işğal altında olduğu ağır illərdə Tovuzun sərhəd kəndlərinə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhid və imkansız ailələrə davamlı olaraq maddi və mənəvi dəstək göstərib.

    Bəzən bir insanın böyüklüyünü onun qazandığı sərvətlə deyil, sərvətindən başqaları üçün nə qədər pay ayırması ilə ölçürlər.

    Musa Süleymanovun xeyirxahlığı da məhz belə bir ölçüdə görünür.

    Çünki yaxşılıq etmək asandır, amma yaxşılığı həyat tərzinə çevirmək hər kəsə nəsib olmur.

    İdmanın və gənclərin yanında

    Musa Süleymanovun fəaliyyəti idman və gənclərin inkişafına göstərdiyi dəstəklə də yadda qalır.

    2010-cu ildən "Turan" Futbol Klubunun prezidenti kimi klubun maliyyələşdirilməsinə, uşaq futbolunun inkişafına və gənc istedadların üzə çıxarılmasına mühüm töhfələr verib. İspaniyanın Xristo Stoiçkov Akademiyası ilə əməkdaşlıq da bu istiqamətdə görülən işlər sırasında olub.

    Çünki Musa müəllim yaxşı anlayır ki, gəncliyə qoyulan sərmayə əslində Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.

    Bu baxımdan onun gördüyü işlər yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyət daşıyır.

    70 il – bir ömrün hesabatıdır

    Bu gün Musa Süleymanov 70 illik yubileyini qeyd edir.

    70 il – sadəcə təqvimdə yazılan rəqəm deyil. Bu, bir insan ömrünün hesabatıdır. Bu rəqəmin arxasında illərlə çəkilən zəhmət, qurulan işlər, qazanılan uğurlar, dostluqlar, xeyirxah əməllər və Vətən qarşısında göstərilən sədaqət dayanır.

    İnsanın ən böyük qazancı nə var-dövlət, nə titul, nə də şöhrətdir.

    Ən böyük qazanc insanların qəlbində yaxşı ad qazanmaqdır.

    Musa Süleymanovun 70 illik ömür yoluna nəzər salanda isə onun qazandığı ən böyük sərvətin məhz insanların hörməti və xoş xatirəsi olduğunu görmək mümkündür.

    Əkdiyi ağacların bəhrəsi, etdiyi yaxşılıqların xatirəsi, Vətənə göstərdiyi xidmətlər onun ömrünün ən qiymətli salnaməsidir.

    Bu yubiley münasibətilə Musa Süleymanovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun və mənalı ömür, yeni-yeni uğurlar arzulayırıq.

    Qoy qarşıdakı illər də onun üçün sağlamlıq, firavanlıq və xoş günlərlə dolu olsun.

    70 illik ömür yolunun ən böyük mükafatı isə bundan sonra da insanların duasında, xatirəsində və qəlbində yaşamaqdır.

    Musa müəllimə isə bu şərəfli yolda yeni-yeni uğurlar, uzun ömür və tükənməz həyat enerjisi arzulayırıq.

    70 yaşınız mübarək, Musa müəllim!


    Surxay Tağıyev

    ADO-G şirkətlər qrupunun maliyyə üzrə direktoru


    Bəradər Səməndərli 

    Şair-jurnalist, AYB və AJB-nin üzvü




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ