Sizin reklam burada
Sizin reklam burada
  • YAP Göygöl rayon təşkilatının XII konfransı keçirilib

    Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası(YAP) Göygöl rayon təşkilatının XII konfransı keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

    Konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamran Bayramov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Salmanov və rayon təşkilatının ərazi partiya təşkilatlarından seçilmiş nümayəndələr iştirak ediblər.

    Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini uğurla davam etdirir. Vüqar İsayev rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər, rayonda həyata keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı barədə məlumat verib. O, təşkilatın fəaliyyətinin partiyanın müəyyən etdiyi əsas prinsiplər və qarşıya qoyulan vəzifələr əsasında davam etdirildiyi vurğulayıb. Qeyd olunub ki, partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, müxtəlif sosial, mədəni və ictimai tədbirlərdə yaxından iştirak etməklə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə öz töhfələrini verirlər.

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi-siyasi zərurətdən irəli gəldiyini, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın qısa müddətdə geniş ictimai dəstək qazandığını və Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini diqqətə çatdırıb. Vüqar Novruzov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını və bir çox nailiyyətlərə imza atdığını bildirib, Göygöl rayonunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək bu proseslərdə partiya üzvlərinin aktiv rolundan danışıb.

    Milli Məclisin deputatı Kamran Bayramov çıxışında bildirib ki, müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Onun sözlərinə görə, son illərdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, sosial-iqtisadi inkişaf və beynəlxalq müstəvidə möhkəmlənən mövqelər Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini nümayiş etdirir. Millət vəkili Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərdən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ölkənin siyasi, iqtisadi və sosial inkişafını daha da sürətləndirdiyini, Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyini bildirib. Əldə olunan uğurların əsasında xalq-iqtidar birliyi, milli həmrəylik və cəmiyyətin qarşıya qoyulan məqsədlər ətrafında səfərbər olunmasını vurğulayaraq, YAP-ın keçdiyi inkişaf yolundan, təşkilatlanma ənənələrindən və ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib.

    Tədbirdə YAP Gənclər birliyinin üzvü Fərid Dünyamalıyev, YAP Göygöl rayon təşkilatının “A.Şəmşir adına Uşaq Musiqi Məktəbi” ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva və təşkilatın veteran üzvü Azadxan Haqverdiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasındakı tarixi rolundan və dövlətçiliyimizin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən danışıblar. Çıxışlarda Göygöl rayonunda əhalinin ictimai-siyasi fəallığının artırılması və cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətində mühüm işlər görüldüyü vurğulanıb.

         YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov isə öz çıxışında partiyanın müasir dövrdə fəaliyyət istiqamətlərinə toxunaraq dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, Yeni Azərbaycan Partiyasının daim xalqa və dövlətə xidmət nümunəsi kimi milli maraqlara sadiqlik nümayiş etdirdiyini diqqətə çatdırıb.

    Konfransda YAP Göygöl rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

    Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ