Sizin reklam burada
Sizin reklam burada
  • 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

    20 Sentyabr Azərbaycan tarixində yalnız Dövlət Suverenliyi Günü kimi deyil, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si bu şəhərlərin günü kimi qeyd olunur.

    Millət vəkili Mircəlil Qasımlı bildirir ki, bu tarixin təsis edilməsi təsadüfi deyil. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bütün ərazidə tam bərpa olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi və dövlət suverenliyi tam təmin edildi.

    2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə tariximizin ən qürurverici səhifələrindən biri kimi yadda qaldı və dövlət suverenliyimizin bərpasının rəmzinə çevrildi.

    Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Xankəndidə Qarabağ Universitetinin yaradılması, şəhərdə yeni ictimai və sosial infrastrukturun formalaşdırılması, Xocalı, Xocavənd və Ağdərədə yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdışın real nəticələridir.

    Mircəlil Qasımlının sözlərinə görə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağının dalğalanması xalqımızın uzun illər gözlədiyi tarixi ədalətin bərpasıdır. Bu gün həmin şəhərlər yalnız azadlığın deyil, eyni zamanda yeni inkişaf, quruculuq və dirçəliş mərhələsinin simvoluna çevrilib.

    Prezident İlham Əliyevin azad olunmuş ərazilərə mütəmadi səfərləri, yeni yaşayış komplekslərinin, məktəblərin, yolların, sosial və iqtisadi obyektlərin istifadəyə verilməsi dövlətin Qarabağın gələcəyinə verdiyi önəmin göstəricisidir.

    20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üçün yeni həyatın, milli qürurun və doğma yurda qayıdışın rəmzidir. Bu tarix Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və suverenliyimizin dönməzliyinin ifadəsi kimi daim yaşayacaq.


    Mircəlil Qasımlı 

    Milli Məclisin deputatı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ